Azərbaycan Respublikası Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Təbrik mətnini təqdim edirik:
"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!
Sizi xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, çətin, eyni zamanda şərəfli xidmətinizdə uğurlar arzulayıram.
Ümummilli lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində dövlət səviyyəsində qeyd olunan Novruz, yazın gəlişindən, təbiətin oyanışından xəbər verir. Azərbaycan xalqı qədim zamanlardan müasir günümüzədək Novruz ənənələrini inamla qoruyub saxlayıb. Tariximizin ən sərt dönəmlərində belə xalqımızın Novruz bayramını özünəməxsus coşqu, sevinc, yüksək əhval-ruhiyyə ilə qeyd etməsi də xalqımızın öz milli-mənəvi dəyərlərinə verdiyi ən böyük qiymətin bariz nümunəsidir.
Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin inamla davam etdirdiyi uğurlu siyasət nəticəsində müstəqil Azərbaycan Respublikasında vətəndaş həmrəyliyi əldə olunub, ölkəmiz dünya dövlətləri sırasında ən layiqli yerlərdən birini tutub. Respublika iqtisadiyyatının fasiləsiz inkişafı təmin olunub, dövlətçilik ənənələrimiz daha da möhkəmlənib. Dövlətimizin inkişafında prioritet istiqamətlərdən hesab edilən ordumuzun hərbi qüdrətinin gündən-günə artırılması məqsədilə atılan addımlar ölkədə həyata keçirilən islahatların əsas tərkib hissələrindəndir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycanın dünyada nüfuzu daha da artmış, xalq-dövlət-ordu birliyi ən yüksək səviyyəyə çatmışdır.
Bu inamlı fəaliyyətlərin məntiqi nəticəsidir ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ötən il sentyabrın 27-də erməni silahlı birləşmələrinin törətdiyi təxribatlara qarşı rəşadətli ordumuzun başladığı və 44 günlük Vətən müharibəsinə çevrilən uğurlu əks-hücum əməliyyatları zamanı əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıqlar, fədakarlıq nümunələri sayəsində 30 ilə yaxın düşmən işğalında qalan tarixi torpaqlarımız azad edildi. Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, dəmir iradəsi və ordumuzun gücü sayəsində Zəfər qazandıq. Bu gün xalqın, dövlətin və ordumuzun birliyi sayəsində işğaldan azad edilən tarixi torpaqlarımızda üçrəngli bayrağımız əzəmətlə, qürurla dalğalanır.
Hərbi anda sədaqətə, çətin və şərəfli hərbi xidmətdə fədakarlığa görə hər birinizə minnətdarlığımı bildirirəm.
Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunması, ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsini hər zaman olduğu kimi Novruz bayramı ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik. Eyni zamanda, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.
Arzu edirəm ki, Novruz bayramı gəlişiylə ailələrinizə firavanlıq, xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət gətirsin.
Bir daha hər birinizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram.
Novruz bayramınız mübarək olsun!".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.