Ermənistan-Azərbaycan dövlət sərhədinin Tavuş mərzi və Tovuz rayonu əraziləri boyunca başlayan və iyulun 23-dək davam edən, 44 günlük Vətən Müharibəsinin başlanğıcı hesab edilən döyüşlərdən bir il ötür.
“Ötən ilin iyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutublar.
12 iyulda Azərbaycan tərəfi Ermənistan Silahlı Qüvvələrinə aid zirehli texnika və canlı qüvvələrin yerdəyişmələr etdiyini müşahidə edib. Bu, Ermənistan tərəfinin Azərbaycana qarşı artilleriya hücumunun əvvəlcədən planlaşdırılmasının sübutu kimi göstərilir.
Döyüşlər Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması ilə başlayıb.
Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısı alınıb.
Döyüşün ilk saatlarında Azərbaycan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu şəhid olub, beş nəfər yaralanıb. Həmçinin, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər zamanı Ermənistan Ordusunun şəxsi heyəti çoxsaylı itki verib.
Azərbaycan Ordusunun yaralı əsgərlərindən biri daha sonra aldığı yaralardan dünyasını dəyişib.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Azərbaycan tərəfinin məlumatına görə, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Ordusunun dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.
İyulun 13-də Tovuz istiqamətində Ermənistan və Azərbaycan Silahlı Qüvvələri arasında artilleriya qurğuları yenidən işə düşüb, tərəflər bir-birinə qarşılıqlı zərbələr endiriblər. Döyüş zamanı Ermənistan artilleriyası toplarla Tovuzun Dondar Quşçu və Ağdam kəndlərini də atəşə tutmağa başlayıb.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.
Erməni Ordusunun hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və həmçinin, hücumun qarşısını alarkən beş hərbi qulluqçu da şəhid olub.
Ermənistanın artilleriya atəşləri nəticəsində Ağdam kəndinin 76 yaşlı sakini həlak olub.
İyulun 15-də toqquşmalar səngisə də, iyulun 16-sı səhər saatların döyüşlər bərpa olunub.
16 iyul tarixində Ermənistan tərəfi döyüş bölgəsinə əlavə qüvvələr göndərməyə başlayıb.
Gecə saat 04:00 radələrindən başlayaraq Ermənistan Silahlı Qüvvələri Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Əlibəyli və Hacallı kəndlərini ağır artilleriya silahlarından atəşə tutmağa başlayıblar. Daha intensiv atəş Ağdam kəndi istiqamətində olub.
Dondar Quşçu kəndinin ərazisinə isə 20-dək top mərmisi düşüb. Mərmilərdən ikisi dinc əhalinin yaşadığı əraziyə düşüb. Top mərmilərindən biri vətəndaşın həyətinə, digəri isə digər həyətyanı sahəyə düşərək köməkçi tikilini dağıdıb.
Davam edən döyüşlərdə Ermənistanın 20-yə yaxın canlı qüvvəsi, 1 zirehli texnikası, 1 radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi Azərbaycan Ordusunun atəşi ilə məhv edilib.
Döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət keçən bir hərbi qulluqçusu həlak olub.
Tovuz döyüşləri şəhidlərimiz:
General-mayor Polad İsrayıl oğlu Həşimov
Polkovnik İlqar Anzor oğlu Mirzəyev
Mayor Anar Gülverdi oğlu Novruzov
Mayor Namiq Hajan oğlu Əhmədov
Baş leytenant Rəşad Rəşid oğlu Mahmudov
Çavuş Vüqar Lətif oğlu Sadıqov
Gizir İlqar Ayaz oğlu Zeynallı
Gizir Yaşar Vasif oğlu Babayev
Baş əsgər Elşad Dönməz oğlu Məmmədov
Əsgər Xəyyam Məhəmməd oğlu Daşdəmirov
Əsgər Elçin Arif oğlu Mustafazadə
Əsgər Nazim Əfqan oğlu İsmalıyov
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.