Azərbaycanda post-konflikt quruculuğu tam gücü ilə aparılacaq.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı məlumat verib.
O bildirib ki, vətən müharibəsində Azərbaycan dünya döyüş tarixində yeniliklər etməklə yanaşı, həm də dünyada ilk dəfə olaraq onlayn qələbə aktına imza atdı. Ermənistan isə dünyada ilk dəfə onlayn kapitulyasiya edən ölkə oldu.
İcraçı direktor əlavə edib ki, Azərbaycan Ordusu dünyanın ən döyüş qabiliyyətli silahlı qüvvələrindən birinə çevrilib. Azərbaycanın Ali Baş Komandanı qələbə aktına imza atmaqla ölkəmizi regionda gücün bütün parametrləri - iqtisadi, siyasi və hərbi cəhətdən liderliyini bir daha təsdiqləmiş oldu. Resurs müharibəsinə tab gətirə bilməyəcəyi əvvəlcədən proqnozlaşdırılan Ermənistana dəyən ziyanı isə bağlamaq üçün bu ölkəyə onilliklər lazım olacaq.
Həmçinin vurğulayıb ki, Azərbaycan regionun geopolitik mənzərəsini dəyişmək üçün quru, su və hava üstünlüyünə malikdir. Azərbaycan dəniz donanması, dənizdə neft-qaz hasilatı, dəniz infrastrukturu, Xəzərdə ən böyük limanı və Xüsusi İqtisadi Zonası ilə dəniz gücünü təsbit edib. Eləcə də, Azərbaycanın Cənubi Qafqazda ərazisinin yarısına yaxınına, əhali və iqtisadiyyatın isə 2/3-ə qədərinə malik olması ölkənin quru gücünü göstərir. Hazırda, Xəzər dənizi də nəzərə alınmaqla 160 min kvadrat kilometrdən artıq hava məkanına və 20 beynəlxalq hava dəhlizinə nəzarət edən Azərbaycan Cənubi Qafqazda ən böyük mülki hava infrastrukturuna, ən böyük təyyarə parkına, ən çox sayda süni peykə sahib olan ölkə kimi Vətən müharibəsində hərbi hava qüvvələrinin üstünlüyünü nümayiş etdirdi. Beləliklə, Azərbaycanın regional liderliyi hava-su-quru istiqamətlərdə komplektləşir.
Vüsal Qasımlının sözlərinə görə, Qələbə aktına əsasən bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Bu imkan verəcək ki, Azərbaycan regional nəqliyyat-logisitika qovşağı kimi mövqelərini daha da gücləndirsin və şaxələndirməni həyata keçirsin. Başqa tərəfdən isə Azərbaycanın qərb rayonları və Naxçıvan arasında yeni nəqliyyat kommunikasiyalarının inşası Naxçıvanın inkişafını daha da sürətləndirəcək. Ən əsası odur ki, Azərbaycan Naxçıvan üzərindən Türkiyə ilə birbaşa əlaqə yaradacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.