Həbsdə olan sabiq səfir Eldar Həsənov apellyasiya şikayəti verib.
Bu barədə APA-ya E.Həsənovun vəkili Adil İsmayılov bildirib.
Vəkilin sözlərinə görə, Səbail rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, E.Həsənov Dövlət Təhlükəsizliyi (DTX) tərəfindən saxlanılıb.
DTX-nin yaydığı məlumata görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.
Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə olunub, toplanmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib. Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən olunub. Aparılan istintaq çərçivəsində E.Həsənov şübhəli şəxs qismində tutulub.
Səbail Rayon Məhkəməsi tərəfindən E.Həsənov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
E.Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham irəli sürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.