Qəza nəticəsində ağır beyin travması alaraq hazırda Türkiyədə Heydər Əliyev Fondunun dəstəyilə müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev ətrafında spekulyasiyalar bitmək bilmir ki, bilmir. Bəzi siyasi spekulyantlar və fürsətcillər Oqtay Gülalıyevin bu ağır durumundan öz korporativ maraqları naminə yenidən fəallaşıblar. Bu dəstə son günlərdə sosial şəbəkələrdə hay-küy salaraq Oqtay Gülalıyev ətrafında şou yaratmaqdadırlar. Guya Azərbaycan hakimiyyəti Oqtay Gülalıyevin müalicəsindən imtina edir kimi əsassız, həqiqətə uyğun olmayan fikirlər səsləndirməkdədirlər. Bu insanların məqsədi bəllidir-Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın və H.Əliyev Fondunun bu nəcib niyyətinə və hərəkətinə kölgə salmaq. Çünki öz əllərindən bir iş gəlmədiyindən başqalarının gördüyü işə qara yaxmaq, artıq bunların peşəsinə çevrilib. Əslində, bu insanları Oqtay Gülalıyevin səhhəti maraqlandırmır. Bu spekulyant dəstənin çirkin qarayaxma əməlləri cəmiyyət tərəfindən ilk andan ikrah hissi ilə qarşılanmaqdadır. Son günlərdə baş verən şou ilə bağlı cəmiyyətin ən aktiv üzvləri, jurnalistlər belə kəskin reaksiya vermək zorunda qalıb.
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin yaxın dostu “Gündəm-Xəbər” mətbu orqanının rəhbəri Şirin Cəfərli cəmiyyətdə dolaşan fikirlərə aydınlıq gətirib. O. deyib ki, O.Gülalıyev qəza keçirdəndən sonra onun telefonundan mənə zəng gəldi: “Mənə Oqtay bəyin telefonundan zəng gəldi. Açanda başqa bir adam dedi ki, bu telefonun sahibini maşın vurub. Həmin anda çıxıb gördüm ki, yolun ortasında insanlar toplaşıb. Oqtay bəy yerdə uzanıqlı vəziyyətdə idi. Sürücü də qaçmamışdı, oradaydı. Sürücü qorxmuş, həyəcanlı vəziyyətdə idi. Soruşdum ki, necə oldu? Dedi, «asta sürətlə gəlirdim, tini dönəndə oldu». Oqtay bəyin qollarına baxdım ki, görüm sınıq-filan varmı? Oqtay bəy ayılıb soruşdu ki, «Şirin, mənə nə olub?». Dedim, «heç nə, yıxılmısan, Allah eləsin, sınıq-filan olmasın». Qolunu rahat tərpətdi, baxdım ki, heç nə yoxdur. Ayağa qalxdı, bir az orada dayandıq, söhbət elədik, soruşdum ki, özünü necə hiss eləyirsən? Dedi ki, «yaxşıyam, amma başım ağrıyır»..
Ş.Cəfərli hüquq müdafiəçisinin xəstəxanaya gec çatdırılması barədə sosial şəbəkələrdə yayılan iddialarla razılaşmayaarq deyib ki, qəsdən gecikdirilmədən söhbət gedə bilməz. Onun sözlərinə görə, qəzanı törədən sürücü hüquq müdafiəçisini öz avtomobilində aparıb, o da kafedəki başqa dostlarla birlikdə öz maşınında gedib. Ş.Cəfərlinin dediyinə görə, xəstəxanaya çatanda hüquq müdafiəçisi özü maşından düşüb, öncə bir otağa, oradan da Kompüter tomoqrafiya kabinetinə gedib, yenidən əvvəlki otağa qayıdıb.
Həkim ona uzanmağı tövsiyə edib. Deyib ki, başında çat yaranıb: «Dedi ki, həmin yerdə qansızma ola bilər. Soruşdum ki, evə apara bilərik? Bildirdi ki, xəstəxanada həkim nəzarətində olsa, yaxşıdır, 3-4 saatdan sonra yenidən müayinə olunmalıdır, qansızma baş versə, tədbir görülməlidir. Əli Kərimli gələndə o da həkimlə danışdı. Həkim ona da söz verdi ki, arxayın ola bilərsiz, lazım olan bütün tədbirlər görüləcək». Sonradan onu «City Hospital»a aparmaq fikri yarandı. Bu fikirdə olanlar çox oldu və apardılar. Düşünürəm ki, orada əməliyyatı gecikdiriblər».
“Bizim yol” mətbu orqanın rəhbəri Bahəddin Həzi də bu spekulyantlara tutarlı cavab verib. Onun “Bizim yol” mətbu orqanında “Heydər Əliyev Fonduna mane olmayaq” məqaləsində, O.Gülalıyevin müalicəsini üzərinə götürən qurumun fəaliyyətinə mane olmamağa çağırıb:
“…Oqtay Gülalıyevin müalicəsinə dəstəyini verən və bundan sonra da davam etdirəcəyini düşünən Heydər Əliyev Fondunun üzərinə bu qədər çox gedilməsini doğru saymıram. Əgər belə ağır bir müayinə, əməliyyat, müalicə-bərpa, xəstəxanada saxlanma xərclərini qarşılayan qurum varsa (bu gün bu varsa), köməyini göstərirsə, xüsusi bir kampaniya başladıb onu çəkinməyə, geri çəkilməyə sövq etmək lazım deyil. Bizə heç bunu edən də olmamışdı. Ona görə imkan yaratmaq lazımdır ki, Fond normal qaydada öz işini görsün. Bu məsələ ətrafında hansısa spekulyasiyalar və ya gerçəkçi müzakirələr də varsa, onları sonraya da saxlamaq olar. Yaxşı bilirsiniz ki, Oqtay bəy öz səhiyyəmizin ümidinə buraxılsaydı, onu bəlkə də itirmiş olardıq. Bu üzdən belə həssas məsələyə daha diqqətlə, ehtiyatla yanaşmaqda fayda var. Bəli, Fond öz köməyini göstərib və açıqlamasından da göründüyü kimi, bundan sonra da göstərəcək. Ancaq bununla yanaşı ayrı-ayrı varlı şəxslərin, cəmiyyətin müxtəlif imkanlı nümayəndələrinin də bu işə qoşulması, doğrudan da, yaxşı olar.
Və sonda. Aydındır ki, Oqtay Gülalıyevin səhhəti, onun əməliyyatı, müalicəsi, Bakıdan İstanbula aparılması, orda bir xəstəxanadan başqa xəstəxanaya köçürülməsi, eləcə də, onu müayinə, müalicə edən həkimlərin peşəkarlıq səviyyəsi, xərclənən vəsait və sair əvvəldən bu günə qədər ardı-arası kəsilməyən müzakirələrin, mübahisələrin, hətta Fondun bəyanatında adlandırıldığı kimi, spekulyasiyaların belə mövzusu olub. Burada daha bir narahatlıq doğuran nüans da var; bütün bu müalicə-pul söhbətləri Oqtay Gülalıyevin maşınla vurulmasının gerçək motivlərinin araşdırılmasını kölgədə qoyub”.
Bu məqamda bir faktı da xatırlamaq yerinə düşər. AXCP üzvü, Qənimət Zahidin yaxın qohumu olan jurnalist Sahib İslamov 2013-cü ilin sonunda avtoqəza nəticəsində 6 ay komada qaldı, ancaq nədənsə bu gün səs-küy qaldıranların səsi o zaman çıxmadı. Baxmayaraq ki, o zamanda Azərbaycan dövlət başçısı təşəbbüsü ələ alaraq S.İslamovun müalicəsi ilə bağlı Səhiyyə Nazirliyinə müvafiq tapşırılar verdi. Ancaq aparılan müalicələr nəticə vermədi və Sahib İslamov 6 ay koma vəziyətində yaşadıqdan sonra dünyasını dəyişdi. Sual olunur, görən niyə AXCP üzvləri və Əli Kərimli bu qədər “canfəşanlıq” göstərmədi? Niyə onun müalicəsi üçün pultoplama kampaniyası həyata keçirmədi? Görən o və trolları O.Gülalıyev məsələsində niyə belə “canfəşanlıq” edirlər? Səbəb aydındır… Çünki O.Gülalıyevin müalicəsini HeydərƏliyev Fondu və Birinci Vitse-prezident üzərinə götürüb. Bu dəfə analoji vəziyyətin yaşanmasını istəmədi. Ölkə rəhbərliyi ağır vəziyyətə düşən insanın həyatını xilas etmək üçün nə lazımdırsa, onu edir. Hətta xarici ölkəyə göndərərək ən bahalı xəstəxanalarda müalicəsini təşkil edir. Birinci Vitse-prezidentin siyasi baxışlarından asılı olmayaraq, belə mövqe sərgiləməsi onları qıcıqlandırır… Çünki onların düşüncə tərzi buna imkan vermir. Necə ola bilər ki, siyasi baxışı fərqli olan, radikal müxalif düşüncəli olan şəxsə dəstək verilsin…
Bu qarayaxma kampaniyasını aparan qüvvələrin bütün cəhdlərinə baxmayaraq, Birinci Vitse-prezident Mehriban xanım Əliyeva və H.Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsi ilə bağlı ilk andan indiyə kimi onun müalicəsi ilə bağlı bütün işləri görüb, görməkdədir və dəstəyini bundan sonra da davam etdirməkdə qərarlıdır. Artıq bununla bağlı H.Əliyev Fondu mövqeyini cəmiyyətə açıqlayıb.
Belə ki, hüquqşünas Aslan İsmayılov bir neçə gün öncə özünün "Feysbuk" hesabında belə bir status paylaşdı ki, Oqtay Gülalıyevin durumundan yararlanmaq istəyən bədxah qüvvələr var və onlara fürsət vermək, bir şəxsi köməksiz durumda buraxmaq olmaz. Üzərindən cəmi bir gün sonra Prezidentin köməkçisi Anar Ələkbərov şəxsən Aslan İsmayılova zəng edərək, baş verənlərə aydınlıq gətirib. Bununla bağlı özünün növbəti statusunda A.İsmayılov bildirir ki, A.Ələkbərov ona O.Gülalıyevin mövcud durumu və onunla bağlı baş verənlərin xronologiyasından danışıb.
Bunun ardınca H.Əliyev Fondu da məsələ ilə bağlı rəsmi açıqlama ilə çıxış edib. Məlumatda qeyd olunub ki, Heydər Əliyev Fondunun daxili qaydalarına uyğun olaraq müalicə müəssisəsi hər 10 gündən bir xəstənin səhhəti ilə bağlı Fonda hesabat təqdim edir. Bu hesabatlara əsasən müalicənin dinamikasına uyğun olaraq xəstəyə Fond tərəfindən növbəti göstərilə biləcək kömək barədə qərar verilir.
Amerikan Xəstəxanasından dekabrın 9-da göndərilmiş növbəti 10 günün hesabatına əsasən, koma vəziyyətində olan Oqtay Gülalıyevin ağciyər və qanında infeksiya var və buna uyğun müalicə tətbiq olunmaqdadır. Xəstənin hazırkı vəziyyətini və həkimlərin rəyini nəzərə alan Heydər Əliyev Fondu müalicənin növbəti mərhələsində də müvafiq dəstəyin göstəriləcəyi barədə Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyevanı məlumatlandırmışdır. Bildirilmişdir ki, Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsinə kömək göstərmək, ailəsinə bu çətin günlərdə mənəvi dəstək olmağa çalışır.
Qeyd olunanları nəzərə alaraq, Heydər Əliyev Fondu bir daha özünün humanist, hər bir zaman istənilən vətəndaşın yanında olmaq niyyətini bəyan edir, xəstənin indiki durumunda ayrı-ayrı şəxslərin müxtəlif maraqlardan çıxış edərək hər hansı siyasi spekulyasilayar etməsinə qarşı olduğunu bildirir.
Odur ki, cənablar özünüzün əlinizdən bir iş gəlmirsə, heç olmasa O.Gülalıyevin səhhəti ilə bağlı nəcib missiyanı üzərinə götürənlərə mane olmayaq. Axı bu insan taleyidir. Əgər O.Gülalıyevin taleyinə belə acıyırsınızsa, onun sağalıb, ayağa qalxması üçün bu işi görənlərə sağ ol demək qabliyyətində deyilsinizə, heç olmasa susun!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.