Almaniyada yaşayan Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda yoxa çıxması şübhəli məqamları da önə çıxardı. Çünki İranın xüsusi xidmət orqanları bu ölkəyə gedən azərbaycanlıları oğurlayaraq, casusluq fəaliyyətinə cəlb etməyə cəhd etməsi, yaxud onlara “casus” damğası vurması halları zaman-zaman yaşanıb. Və bu hallar adətən İran-Azərbaycan münasibətlərinin gərgin olduğu dövrlərə təsadüf edir.
2011-ci ildə İrana səfər edən AMEA-nın Nizami adına Ədəbiyyat İnsitutunun əməkdaşı, Güney ədəbiyyatı və Şəhriyar üzrə araşdırmaçı Xalidə Xalid həbs olundu. Bir il sonra – 2012-ci ildə şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə də eyni ittihamla həbs edildilər.
Həmin dövr İran-Azərbaycan münasibətlərində ən kəskin mərhələlərdən biri idi. Sanksiyalarla üzləşən Tehran rejimi Bakıya qarşı təhdidedici ittihamlar səsləndirirdi:
- “Azərbaycan İrana zərbələrdə platforma rolunu oynayır”;
- “Azərbaycan bölgədə “sionist rejim” üçün baza rolunu oynayır”;
Bununla yanaşı, 2012-ci ildə Bakıda keçirilən “Avroviziya” müsabiqəsini “İslama zidd yarış” adlandırır və “LGBT yürüşü” kimi iddialar üzərindən Azərbaycanı təhdid edirdi.
Politoloq Elxan Şahinoğlunun 2012-ci ildə hazırladığı “Gərginləşən İran-Azərbaycan münasibətləri: Səbəblər və çıxış yolları” adlı hesabatında qeyd olunurdu ki, “İran-Azərbaycan münasibətlərində notalar adi hala çevrilib. Son iki ildə iki ölkə arasında qarşılıqlı notaların sayı 10-a çatmaq üzrədir”.
2011-2012-ci ildə yaşanan bu gərginlik fonunda İrana səfər edən Azərbaycan vətəndaşları “casusluq ittihamı” ilə həbs olundular.
Son iki ildə Azərbaycan və İran münasibətlərində analoji hal yaşanır, hətta daha kəskin formada. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktının törədilməsi gərginliyin pik həddə çatdığının sübutudur. Bu mənzərə fonunda İranın 10 il öncə olduğu kimi indi də bu ölkəyə gedən Azərbaycan vətəndaşlarını “casusluq ittihamı” ilə həbs etməsi gözləntiləri var. Azərbaycan Xarici İşlər Nazirliyi də bir neçə dəfə vətəndaşlara İrana səfərdən çəkinmək çağırışı edib.
Keçmiş təcrübə və mövcud gərginlik fonunda Fərid Səfərlinin İranda yoxa çıxması molla rejiminin eyni ssenarini tətbiq etməsi ehtimalını önə çıxarır.
Almaniyada yaşayan F.Səfərli fevralın 20-də İrana gedib, martın 5-də geri qayıdacaqmış, lakin geri qayıtmamışdan bir gün öncə - 4 mart tarixində yoxa çıxıb.
Azərbaycanın Fərid Səfərlinin itkin düşməsinə görə İrana nota verməsi də rəsmi Bakının Azərbaycan vətəndaşına qarşı 10 il öncəki addımın atılması ehtimalını dəyərləndirdiyini deməyə əsas verir.
Mövcud vəziyyətdə İran rejimi bu ölkəyə səfər edən Azərbaycan vətəndaşlarına potensial casus olaraq baxır. Fevralın 6-da “İranın Azərbaycana qarşı casusluq fəaliyyəti və mexanizmləri” adlı yazıda da bu haqda yazmışdıq:
“Molla rejimi hazırda İrana səfər edən bütün azərbaycanlıları potensial casus gözündə görür və bütün vasitələrlə onları ələ almağa çalışır. Son proseslər – İranın diqqəti daxildəki etirazlardan yayındırmaq üçün “xarici düşmən” obrazından yapışması və bu obrazı Azərbaycan üzərində fokuslandırması, “bölgədə sionistlər və terrorçular var” iddiaları və səfirliyimizə qarşı törədilən terror aktından sonra gərginliyin pik həddə çatması bu ölkəyə gedən azərbaycanlıların iki çətin seçim qarşısında qala biləcəyi riskini də yaradıb: ya İran casusuna çevrilə, ya da “Azərbaycan casusu” olaraq həbs edilə bilərlər;
İran xüsusi xidmət orqanlarının azərbaycanlıları əməkdaşlığa məcbur etmək üçün “Bakıdan göndərilən casus” ittihamından istifadə etməsi ehtimalı yüksəkdir. Hətta bir qədər də irəli gedib “terrorçu” ittihamı da irəli sürülə bilər. Molla rejiminin “Azərbaycan regiona terrorçu ixrac edir” iddiasını “isbatlamaq” üçün “Arazdan keçən terrorçular” və “Şahçıraq terror aktının Bakıdan gələn koordinatoru” kimi ssenariləri işə salması da bu versiyanı istisna etmir. “Casus” və “terrorçu” tapılması həm də bu iddiaların “təsdiqi” üçün lazımdır. Baş verənlər deməyə əsas verir ki, İrana səfər etmək azərbaycanlılar üçün heç olmadığı qədər təhlükəyə çevrilib”.
Fərid Səfərlinin İranda “yoxa çıxması” bu məsələni bir daha aktuallaşdırdı. Vətəndaşımızın axtarışının tezliklə müsbət nəticə verməsini diləyirik. Lakin bütün hallarda hazırda İrana səfər etmək hər bir Azərbaycan vətəndaşı üçün riskli olaraq qalır. 2011-2012-ci illərin təcrübəsi və bu gün yaşananlar bunu bir daha təsdiq edir.
Asif
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.