İranın Azərbaycana qarşı münasibəti getdikçə təhlükəli bir hal alır. Dövlətlər arasında münasibətdə ən vacib məsələlərdən biri dövlətlərin münasibətlərini milli mənafeləri əsasında qurmalarıdır. Bu reallıqdan yola çıxaraq, dövlət öz gücünü və təhlükəsizliyini qorumaq üçün münasibətlərin hansı formada aparılmasını müəyyənləşdirir. Burada həm də milli, eyni zamanda dövlət maraqları əsas məsələyə çevrilir və ölkələrarası münasibətlər tənzimlənir.
Azərbaycan dövləti müstəqillikdən sonrakı dövrdə hər zaman İranı özünə qonşu bir dövlət olaraq görüb, onun daxili işinə qarışmayıb, iqtisadi, siyasi və hətta mədəni zəmində yaxşı münasibətlər qurmağa çalışıb. Eyni zamanda, bugünə qədər bir çox beynalxalq münasibətlərdə İranın maraqlarını zədələməyib.
Hər zaman çalışıb ki, qonşuluq münasibətini qoruyub saxlasın.
Bu sadəcə sözdə deyil, əməldə də reallaşıb.
Azərbaycan bundan sonrakı dönəmdə İranla münasibətlərini necə qurmalıdır?
“İkinci Qarabağ savaşında torpaqlarımızın işğaldan azad olunmasından sonrakı prosseslər və İranın Azərbaycana münasibəti öz iç üzünü biruzə verdi". Bu barədə bizimyol.info xəbər portalına Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli danışıb.
Onun sözlərinə görə, İran hər zaman çalışıb ki, xarici siyasətində Ermənistana üstünlük versin. Həm siyasi, həm hərbi, həm də iqdisadi yardım göstərsin.
Bu yardımlar həm də ona hesablanmışdı ki, Azərbaycan dövlət olaraq zəifləsin, yəni Azərbaycanın gücü və milli təhlükəsizliyinin zəifləməsi istiqamətində İran ciddi siyasət aparırdı. Bu gün isə bu siyasəti daha çirkin və açıq şəkildə davam etdirir.
“İranın Ermənistan üzərindən Azərbaycan dövlətinə təzyiq göstərməsi artıq gözlə görülən məsələdir.
Azərbaycan ərazisində terrorçuların yetişdirilməsi, Azərbaycan dövlətini, dövlət maraqlarını zədələyə biləcək cəsusluq şəbəkəsinin formalaşdırılması üçün cəhd göstərilməsi, bir sıra terror təşkilat qruplarına yardımların edilməsi, onların təlimatlandırılması, Ermənistan ordusuna hərbi yardımların edilməsi, Azərbaycanın dövlətçilik maraqlarına zidd istiqamətdə atılan addımdır”-deyən siyasi şərhçi bildirib ki, bu səbəbdən də Azərbaycan və İran arasında qısa müddətli və ya uzun müddətli münasibətin qurulması o zaman mümkün olar ki, bu münasibətin qurulmasının Azərbaycanın dövlətçilik maraqlarına hansı faydalar verilə biləcəyi hesablana bilsin.
Fayda gətirəcəkmi?
Nəzər alsaq ki, molla rejimi həm də Azərbaycanın sərhədlərinə yaxın hərbi manevrlər keçirir və Zəngəzur dəhlizini özünə “qırmızı xətt” müəyyən edib, belə olan təqdirdə Azərbaycan gərək dövlət maraqlarını və öz milli təhlükəsizliyini qorumaq üçün real siyasət əsasında İrana qarşı münasibətini ortaya qoymalıdır.
Azərbaycan bunu artıq edir, yəni adekvat addımlar atılır və lazım xəbərdarlıqlar verilir.
“Qarabağ savaşından sonraki prosdeslərdə “3+3” formatlı bir layihənin ortaya qoyulması və burada da ictimai, siyasi, iqdisadi əlaqələrin möhkəmlənməsi, sülhün, sabitliyin qurulması üçün bir sıra əməkdaşlıqların qurulması və digər məsələlər var idi.
Bu məsələlərdə İranın da adı keçirdi. Bu istiqamətdə həm də tələb olunurdu ki, İran Ermənistanla bağlı təxribatçı fəaliyyətlərini dayandırsın. Azərbaycanın Ermənistanla bağlı irəli sürdüyü sülh təklifi qəbul olunsun. Bu əsasda bölgədə sülhün təmin olunması məsələsi həyata keçsin.
Bununla da böyük iqtisadi və digər layihələrin icrası mümkün olsun və İranın da orada payı olsun”-deyən İsabəyli bildirib ki, göründüyü kimi bu məsələlərin hamısına İranın münasibəti birmənalıdır. Düşmən münasibəti!
“Təəssüf olsun ki, İran öz ideoloji və terror fəaliyyətini Azərbaycana qarşı durdurmur”-deyən ekspertin fikrincə, bütün münasibətlərin qarşılıqlı olması önəmli şərtlərdəndir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.