Bu gün Laçında dalğalanan Azərbaycan Bayrağı hər birimizin ağrısına bir məlhəmdir
27-11-2021, 12:05
62 dəfə baxılıb

Yadımdadır, uşaq idik və axşamlar televizorda musiqi proqramları verilərdi. Həmin musiqi proqramlarında Akif İslamzadənin, “Qaya” kvartetinin ifasında tez-tez bir mahnı səslənərdi. Sözləri də yadımda qalmışdı...
Bağçalarda sarı gül,
Yarı qönçə, yarı gül.
Gec açılıb, tez soldun,
Açmayaydın barı, gül...
Ay Laçın, can Laçın,
Can sənə qurban Laçın...
Ola bilər ki, bu mahnı bilavasitə Laçın rayonuna aid deyildi, amma bu mahnı ən sevdiyim və eşitdiyim ən kədərli mahnılardan biri idi. Mən bu mahnını eşidəndə Laçın artıq işğal olunmuşdu. Elə təkcə “Qaya” kvaretinin ifasında bu mahnıda Laçının yanmış evlərini, şəhid və qaçqınlarını aydın görmək olurdu. Mənim üçün Laçın rayonu dağların başında qərar tutan qartal quşu kimi idi...
1930-cu ildən inzibati ərazi vahidi statusu alan Laçın rayonu respublikamızın füsunkar guşələrindən biridir. Rayon şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi var. Ümumi sahəsi 1835 kvadrat kilometr olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrdən 3600 metr arasında dəyişir. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını yaradır ki, bu çay da Araz çayına qovuşur. Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir.
Laçın rayonu 18 may 1992-ci ildə mənfur ermənilər tərəfindən işğal olunur. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonu Şuşadan sonra işğala məruz qalan ikinci rayondur. Laçının işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaradır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalır, 300-dən artıq hərbi və mülki şəxs həlak olur və itkin düşür. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşır. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurur. İşğal nəticəsində rayonda dövlət və xüsusi mülkiyyətə ciddi zərər yetirilir. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilir. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalır. VI-cı əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq da bunların sırasındadır. Bundan başqa Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası ermənilər tərəfindən talan edilir. Ermənistan tərəfinin vandallığı təkcə bununla bitmir. İşğaldan sonra erməni işğalçıları Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozaraq Laçın rayonunda
coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olur. Əlbəttə, bütün bunlara təkcə laçınlılar yox, bütöv azərbaycanlılar dözür. Təbii, bu illər ərzində dözməyənlər, ürəyi tab gətirməyənlər də olur. Bütün bunlara son qoyulan tarixin başlanğıcı isə 27 sentyabr 2021-cildə başlanan Vətən Müharibəsi olur. Məhz Ali Baş Komandan İlham Əliyevin apardığı düzgün strategiya, yenilməz ordumuzun şücaəti bu müharibəni cəmi 44 günə Zəfər tarixi ilə başa vurur. Bununla da Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Qeyd edim ki, bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8395 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunur. Bu tarixi Zəfərin Laçın səhifəsinin ən parlaq səhifələrindəndir.
Ən parlaq səhifələrdən biri də Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Laçına səfərləridir. 2021-ci ilin 14 fevral və 16 avqust tarixlərində Prezident İlham Əliyevin Laçın rayonuna səfərləri, Güləbird kəndində Azərbaycan bayrağını qaldırması Laçın ağrısının birdəfəlik qapanması demək idi.
Bu gün Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir, eyni zamanda rayonda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Laçında elektrik stansiyalarımın tikintisi, Kəlbəcər-Laçın avtomobil yolunun qurulması, o cümlədən hava limanının inşası bölgənin beynəlxalq statusunu bundan sonra daha da artıracaq. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq ki, buradan Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.
Mən indi uşaq deyiləm və yenə “Ay Laçın” mahnısını dinləyirəm. Düzdür, bu mahnıda yenə də Laçının alovlar içində olan evlərini, xaraba qalmış yurd yerlərini, didərgin düşmüş insanlarını görsəm də bu görüntülər sonda Zəfər görüntüsü ilə əvəzlənir. Bu gün Laçında dalğalanan Azərbaycan bayrağı hər birimizin ağrısına bir məlhəmdir…
Araz axar lil ilə,
Dəstə-dəstə gül ilə
Mən yarımı sevirəm
Şirin-şirin dil ilə.
Ay Laçın, can Laçın,
Can sənə qurban Laçın…
Kürçaylı Məmmədov
Salyan rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri və mətbuat katib

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR