ABŞ prezidenti Co Bayden qondarma "erməni soyqırımı"nın növbəti "ildönümü" ilə bağlı ənənəvi açıqlamasında "soyqırımı" ifadəsindən istifadə edib. Bayden "erməni soyqırımı" ifadəsini işlədən ilk ABŞ prezidentidir.
Qondarma "erməni soyqırımı" iddiasını tanımaqla ABŞ çox ciddi və tarixi səhvə yol verdi.
Türkiyənin, habelə Azərbaycanın "erməni soyqırım" ilə bağlı mövqeyi bəlli və aydındır. Ermənilərin 1915-ci ildə Osmanlı Türkiyəsində yaşanmış olaylarla bağlı "soyqırıma məruz qalmaq" ifadəsini şüara çevirmələri yolverilməzdir, tarixi təhrif etməkdir və yalandır.
Bu məsələni siyasətçilər yox, tarixçilər araşdırmalı, məhz tarixçilər "tanıyıb-tanımımaq"la bağlı qərar verməlidir. "Erməni soyqırım"ının sırf siyasi məqsədlərə görə tanımaq, etiraf etmək tarixi saxtalaşdırmaqdır.
Co Baydenin müraciətində "erməni soyqırımı" ifadəsini işlətməsi ABŞ və Türkiyə arasında onsuz da mürəkkəb, sərinləşmiş durumda olan münasibətlərii daha da ağırlaşdıra bilər. Eyni zamanda, Ağ Ev administrasiyasının belə mövqeyi Cənubi Qafqazda dayanıqlı və stabil sülhün bərqərar olmasına yönəlmiş bütün səyləri alt-üst edir.
Baydenin açıqlaması gözləniləndi və onun triqqeri Vaşinqtonla Ankara arasında pisləşən münasibətlərdir.
Aprelin 24-də, dünya erməniliyinin qondarma "erməni soyqırımının anım günü"nü qeyd etdiyi gün Co Baydenin müraciətində "erməni soyqırımı" ifadəsini işlədəcəyini ilk olaraq öz mənbələrinə istinadən "The Wall Street Journal" xəbər verdi.
Belə açıqlama demokrat Baydenin prezident seçkiləri ərəfəsindəki təbliğat kampaniyasında ermənilərə verdiyi vədlərdə yer almışdı. Birləşmiş Ştatlardakı erməni diasporuna xitab edən Bayden bildirmişdi ki, 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərin üzləşdikləri hadisələri soyqırım sayır və prezident seçiləcəyi təqdirdə insan haqlarının təminatının administrasiyası üçün əsas prioritetə çevirəcək.
ABŞ prezidentinin belə demarşından və rəsmi terminologiyasına "erməni soyqırımı" ifadəsini daxil etməsindən sonra NATO-da amerikalıların müttəfiqi olan Türkiyə nə edəcək?
Sırf siyasi motivlərlə bağlı olan "tanıma" əslində Vaşinqtonun son aylardakı antitürk ritorikasının davamıdır. F-35 qırıcılarının istehsalı proqramından Türkiyənin kənarlaşdırılması da təəccüblü, qəfil addım deyildi.
Belə qərarın veriləcəyi çoxdan tənzimlənirdi və ABŞ-ın ən böyük qıcıq mənbəyi Ankaranın Rusiyadan S-400 zenit-raket sistemləri alması idi.
Birləşmiş Ştatların sabiq prezidenti Donald Tramp Ağ Evdə olduğu dönəmdə bəyanatlarında 1915-ci ildə Osmanlı Türkiyəsiqdə yaşanmış hadisələri "erməni soyqırımı" kimi səciyyələndirməkdən çəkinmişdi. Onun sələfi Barak Obama da ehtiyatlı davranmağa çalışırdı.
O zaman ekspertlər ABŞ və Türkiyə arasındakı münasibətlərin normallaşcağına ümid etdiklərini deyirdilər.
Lakin Ankara və Moskva arasındakı hərbi-texniki əməkdaşlıq, Suriyada Türkiyənin aktivliyi, Liviyadakı olaylar, ən sonda da İkinci Qarabağ Müharibəsində Ankaranın birmənalı olaraq Bakını dəstəkləməsi və sonra da Qarabağda Rusiya ilə birgə sülhyaratma missiyasına başlaması Vaşinqtonu ifrat dərəcədə qıcıqlandırdı.
Buna rəğmən, münasibətlərin pisləşməsinin səbəbkarı Ankara yox, Vaşinqtondur. Çünki iki il əvvəl, 2019-cu ildə ABŞ Senatı və Nümayəndələr Palatası 1915-ci ildə Osmanlı Türkiyəsində yaşananları "erməni soyqırımı" kimi səciyyələndirməklə bağlı simvolik qətnamə qəbul etmişdilər.
İndi də Bayden administrasiyası həmin məcrada daha konkret və sərt addımların atılmasının "mənəvi borc" olduğuna apellyasiya edərək özünə haqq qazandırmağa çalışır.
... Birinci Dünya müharibəsinin başlanması və Türkiyənin bu müharibəyə təhrik edilməsi onu parçalamaq istəyən dövlətlərin əlinə gözəl fürsət vermişdi. Türklərə qarşı vuruşmaq üçün ermənilər həm Amerikada, həm Avropada, həm də Rusiyada səfərbər edilirdilər. Erməni mənbələrinin etiraf etdiyinə görə, təkcə Qafqaz cəbhəsində 150 mindən artıq erməni rus ordusunun tərkibində vuruşurdu. Qafqaz canişininin xeyir-duası ilə yaradılan və tərkibində təqribən 10 min könüllü ermənini birləşdirən 4 silahlı birləşmə isə İrəvan və Cənubi Azərbaycan istiqamətindən Türkiyənin üzərinə hücuma keçmişdi. Rus qoşunlarının irəliləməsindən istifadə edən ermənilər Şərqi Anadolunun hər yerində türklərə qarşı kütləvi qırğınlar törədirdilər. Xarici mətbuat isə əksini yazır, hər yerdə "məzlum xristian ermənilərin" kütləvi surətdə məhv edilməsi barədə uydurma məqalələr dərc edirdi.
Rusların hücumundan ruhlanan Türkiyə erməniləri indi "Qərbi Ermənistan" adlandırdıqları Şərqi Anadolunun 6 vilayətində (Ərzurum, Van, Bitlis, Xarput, Diyarbəkir, Sivas) müstəqil dövlət qurmaq üçün hər yerdə türkləri qırıb məhv etməyə başlamışdılar. 1915-ci il mayın 14-də rus ordusu Van şəhərini ələ keçirdikdən sonra ermənilər 2 gün ərzində yerli müsəlman əhalisini kütləvi surətdə qırmağa başladılar. Rusların himayəsi altında Van şəhərində erməni hökuməti qurulmuşdu. Qısa müddət ərzində Vanda təqribən 250 min erməni toplaşmışdı."
Ermənilərin türk ordusuna arxadan zərbə vurmasının, terror və təxribatlar törətməsinin qarşısını almaq məqsədilə Türkiyə hökuməti məcburiyyət qarşısında qalıb, müharibə rayonundan erməniləri ölkənin içərilərinə köçürmək haqqında qərar qəbul etmişdi. Hər cür hazırlıqdan sonra, mühafizə dəstələrinin müşayiəti ilə 1915-ci il mayın 28-də köçürmə işlərinə başlanılmışdı. Mövcud olan imkanlar nəzərə alınmaqla və ədalətlə müəyyən edilən köçürmə şərtləri hərb bölgəsindən kənarda yaşayan ermənilərə şamil edilməmişdi.
1965-ci ildən etibarən ermənilər hər il aprelin 24-nü "soyqırım günü" kimi qeyd edirlər. Onlar iddia edirlər ki, guya 1915-ci ildə türklər 1,5 milyon ermənini qırıblar. Əslində isə həmin gün sadəcə olaraq İstanbulda və digər şəhərlərdə Osmanlı dövlətinə xəyanət edən erməni təşkilatlarının təcili olaraq bağlanması, onların rəhbərlərinin həbs edilməsi və sənədlərin ələ keçirilməsi haqqında daxili işlər naziri əmr vermişdi. Bundan sonra 2345 erməni xəyanətə görə həbs edilmişdi.
Bütün rəsmi məlumatlar təsdiq edir ki, Birinci Dünya müharibəsi ərəfəsində Osmanlı Türkiyəsində təqribən 1,3 milyon erməni yaşayıb.
Erməni əhalisinin itkilərinin miqyasını müharibəyədək Türkiyə ərazisində yaşayan 1,3 milyon erməninin sayından xarici ölkələrə mühacirət edən ermənilərin sayını çıxmaqla müəyyən etmək olar. Statistik məlumatlara görə, müharibə ərəfəsində və ondan sonra xarici ölkələrə mühacirət edən ermənilərin sayı aşağıdakı kimidir: Rusiyaya (o cümlədən Cənubi Qafqaza) 420 min, Fransaya 35 min, Kanadaya 1244, ABŞ-a 34136, Yunanıstana 42200, Bolqarıstana 15 min, Kiprə 2500, digər Avropa ölkələrinə təqribən 50 min erməni köçmüşdür. ABŞ-da yaşayan erməni tarixçisi Riçard Hovannisyan yazır ki, müharibədən sonra Suriyada 100 min, Livanda 50 min, İordaniyada 10 min, Misirdə 40 min, İraqda 25 min, İranda 50 min erməni mühaciri qeydə alınmışdı. Bütün bu rəqəmləri üst-üstə gəldikdə 875 min nəfər edir. Bu rəqəmin üzərinə Türkiyədə qalıb yaşayan 123 min erməninin sayını əlavə etsək, cəmisi 998 min nəfər edir. Qeyri rəsmi məlumatlara görə, təqribən 100 min erməni özlərini kürd, suryani və yaxud türkman kimi qələmə verərək nəticədə köçürülmə prosesindən yayınmışlar. Deməli, 1,3 milyon ermənidən təqribən 1,1 milyonu sağ qalmışdı.
Türk Tarix Qurumunun keçmiş başqanı Yusif Halacoğlu Osmanlı arxivlərinə istinadən belə nəticəyə gəlmişdir ki, ermənilərin köçürülməsi zamanı yollarda hücumlara məruz qalaraq öldürülən ermənilərin sayı təqribən 8,5 min nəfər olmuşdur. Qalan ermənilər döyüş cəbhələrində əllərində silah türklərə qarşı vuruşarkən öldürülüb.
... Çox təəssüf ki, ikili standartlar dünyasında Türkiyənin haqq səsi deyil, ermənilərin yalanları daha çox ayaq açıb yeriyir. Artıq Uruqvay, Rusiya, Kipr, Yunanıstan, Kanada, Livan, Belçika, Fransa, Argentina, İsveç, İsveçrə, Niderland, Slovakiya, Litva, Venesuela, Polşa, Çili parlamentləri uydurma erməni soyqırımının tanınması haqqında qərar qəbul ediblər. ABŞ-ın 50 ştatından 47-si artıq uydurma soyqırımı tanıyıb və aprelin 24-ü soyqırım qurbanlarının xatirəsinin anım günü elan edilib. 1970-ci illərin sonlarından etibarən hər il aprelin 24-də ABŞ prezidentləri televiziya ilə ermənilərə müraciət edirlər. Erməni lobbisi hər il çalışır ki, ABŞ prezidentinin "soyqırım" ifadəsini işlətməsinə nail olsun. Lakin Türkiyə ilə münasibətlərinin korlanmasını istəməyən ABŞ prezidentləri "Mets Yeğern", yəni "Böyük Qırğın" ifadəsini işlətməklə kifayətlənirdilər.
İsveçrə və Belçika parlamentlərinin qərarı ilə "erməni soyqırımı"nın inkarı cinayət hesab edilir və buna görə 45 min avro cərimə və 1 il azadlıqdan məhrumetmə cəzası müəyyənləşdirilib. Analoji qərar Fransa Senatında qəbul edilsə də, Konstitusiya məhkəməsi bunu təsdiq etməyib.
Uydurma erməni soyqırımını həmçinin Avropa Şurası və Avropa Parlamenti də tanıyıblar.
Deməli, Avropanın bəzi "demokratik" quruluşlarında və dövlətlərində erməni iftiraları həqiqət, türklərin həqiqəti isə cinayət hesab edilir.
Türkiyə hökuməti 1989-cu ildən öz arxivlərini dünya tədqiqatçılarının üzünə açıb. Uzun müddət "erməni məsələsi"nin mahiyyətini və soyqırım problemini araşdıran Stenford Şou, Bernard Levis, Xit Louri, Castin Makkarti, Günter Levi, Samyuel Uimz kimi məhşur tədqiqatçılar öz əsərlərində belə nəticəyə gəliblər ki, Türkiyə ərazisində heç vaxt ermənilərə qarşı qırğınlar törədilməyib. Əksinə, ermənilər türklərə qarşı qırğınlar törətmişlər. Ermənilərin itkilərinin əsas səbəbi isə müharibə illərində onların türklərə qarşı əks cəbhələrdə yer almaları olub.
Rəsmi Türkiyənin mövqeyi belədir ki, "erməni soyqırımı" ideyası bir araşdırma mövzusu kimi siyasətçilərin deyil, tarixçilərin müzakirə predmetidir. Türkiyə dəfələrlə bəyan edib ki, bu cəfəngiyyata son qoyulması üçün tərəfsiz ortaq komissiya yaradılsın və həmin komissiya istər Türkiyədə, istərsə də xarici dövlətlərin arxivlərində olan sənədləri araşdıraraq yekun nəticəyə gəlsin. Lakin erməni tarixçiləri istinad etdikləri "sənədlərin" saxta olmasının sübut olunacağından qorxaraq belə bir komissiyanın yaradılmasına mane olurlar.
O da maraqlıdır ki, sonr illərdə Ermənistan və dünya ölkələrindəki erməni diaspor təşkilatları, habelə erməniləri dəstəkləyən siyasətçilər "erməni soyqırımı" ifadəsini ehtiyatla söyləyir və işlədirlər. Onlar beynəlxlq iddialarda "soyqırım" ifadəsini sübuta yetirməyin faktiki mümkünsüz olduğunu anladıqlarından 1915-ci ildə Osmanlı Türkiyəsində yaşanan hadisələri "bəşəriyyət qarşısında cinayətlər" kimi səciyyələndirməyə başlayıblar.
Co Baydenin çıxışında "erməni soyqırımı" ifadəsini işlətməsi Türkiyənin Ermənistanla münasibətlərini normallaaşdırmasına da mane olacaq.
Aprelin 24-də səslənən ifadə birmənalı olaraq Türkiyəyə təzyiq göstərməyə yönəlmiş siyasi aktdır.
Belədə Türkiyə ilə Rusiya arasındakı mövcud situativ geosiyasi anlaşma daha da möhkəmlənəcək, iki ölkə arasındakı qarşılıqlı münasibətlər sürətlə aktivləşəcək. İndiki şəraitdə Türkiyə və Rusiya liderləri arasındakı şəxsi dialoq əsasında qurulan, müvəqqəti də olsa, müttəfiqlik əlaqələri güclənməyə meyllidir.
Uduzan isə Türkiyə yox, ABŞ və ermənilər olacaqlar.(Milli.Az)
Elçin Alıoğlu
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.