Bakı şəhərində və ətraf qəsəbələrdə sərnişindaşımanın böyük hissəsini həyata keçirən özəl daşıyıcı şirkətlər dövlət rəhbərliyinə yenidən müraciət edərək mövcud tariflərə baxılması, dövlətin ictimai nəqliyyata dəstək verməsi yollarının nəzərdən keçirilməsini və birgə görüşün keçirilərək yaranmış vəziyyətin müzakirə edilməsini xahiş ediblər.
Tarif Şurasından isə müraciətə cavab olaraq bildirilib ki, Nazirlər Kabineti tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qaldırılan məsələlərin həlli yollarının müəyyənləşdirilməsi üçün təkliflər hazırlanması tapşırılıb.
Məsələni şərh edən nəqliyyat sahəsi üzrə ekspert, “İnsan yönümlü şəhərlər” səhifəsinin rəhbəri Anar Əliyev son 2 ildə ölkədə və dünyada yanacaq və ehtiyat hissələri daxil olmaqla qiymət artımlarının olduğunu, 30 qəpiklə xidmət göstərən avtobus və metronun ziyanla işlədiyini deyib:
"Lakin çıxış yolu qiymətləri artırmaq deyil. Hətta qiymət 50 qəpik olsa belə, bu sərnişinlərin sayının azaltmasına gətirib çıxaracaq, 1-2 manatlıq taksilər daha da cəlbedici gələcək. Yəni, problem həll olunmayacaq. Əgər ictimai nəqliyyatın keyfiyyətini qaldırmaq lazımdırsa, ilk növbədə dövlət subsidiya ayırmalıdır".
Ekspert bildirib ki, tarif siyasətinə də yenidən baxılmalıdır. Tələbələr və təqaüdçülərə endirimlər edilməli, aylıq və illik tariflər tətbiq edilməli, pulsuz transferlər olmalıdır. Bütün bunlar artıq qonşu Tbilisidə var.
"İctimai nəqliyyat sosial bir sahədir, burada dövlətin dəstəyi vacibdir. Bütün inkişaf etmiş şəhərlərdə belədir. Almaniya dünyanın ən varlı ölkələrindən biridir, buna baxmayaraq hətta Berlində ictimai nəqliyyatın 51% gəlirləri dövlət subsidiyasıdır. Fransanın Lion şəhərində bu rəqəm isə 79%-dir.
Qardaş Türkiyədə də bunu anlayırlar. Əhalisi təxmini Bakı kimi olan İzmir şəhərində bu il tramvay və metronun inkişafına 14 milyard lirə pul ayrılır (1 milyard manatdan çox). Baxmayaraq ki, Türkiyənin hazırdakı iqtisadi vəziyyəti bir o qədər də ürəkaçan deyil", - deyə A. Əliyev vurğulayıb.
Ekspert ictimai nəqliyyatın inkişafı üçün maliyyə dəstəyinin vacib olduğunu qeyd edib: "Əgər dövlət qurumları həqiqətən tıxac problemini həll etmək istəyirlərsə və insanlardan maşınlarını evdə qoyub avtobuslara mindirmək istəyirlərsə, bunun üçün maliyyə dəstəyi lazımdır. Eyni zamanda ictimai nəqliyyatın küçələrdə prioritetini də təmin etmək lazımdır. 30 dəqiqə avtobus gözləyib sonra basabas və tıxacda ilişən avtobusda heç kim getmək istəməz.
2021-ci ildə yolların tikintisinə və saxlanılmasına 2,3 milyard manat ayrılıb. Bu məbləğin heç olmasa 15-20% ictimai nəqliyyatın dəstəyinə yönləndirilsəydi, Bakının ictimai nəqliyyatı tam başqa səviyyədə çalışardı".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.