"Apardığımız tədqiqat balıq ovu araşdırmaları, balıq ehtiyatlarının əhəmiyyətli dərəcədə azaldığını təsdiqlədi. Yaşayış yerlərinin istiliyinin artması fonunda plankton icmasının dəyişməsi Cənubi Xəzərdən müxtəlif növ balıq populyasiyalarının nisbətən daha soyuq Orta Xəzərə yenidən paylanmasına səbəb oldu".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Mehman Axundov deyib.
“Dənizin dibə yaxın təbəqəsində yaşayan balıq növlərinin (kütüm, kefal, nərə balıqları və digərləri) qida obyektləri olan Zoobentos orqanizmləri, suyun istiliyinin artması səbəbindən, daha dayaz su zonasından dənizin daha sərin olan dərin sahələrinə köçüb. Hazırda qlobal və regional iqlim dəyişiklikləri nəticəsində Xəzər ekosistemi bir zamanlar kütləvi şəkildə məskunlaşan plankton və zoobentos növlərinin yox olması, həmçinin araşdırmalarımız nəticəsində aşkar edilmiş yeni növlərin ortaya çıxması ilə xarakterizə olunur. Əlbəttə ki, çox yaxın gələcəkdə bu, nəinki balıqların biomüxtəlifliyinin azalmasına, həm də Xəzər regionunda balıqçılığın sosial-iqtisadi vəziyyətinə təsir göstərəcək. Buna görə də hesab edirik ki, balıq ovu kvotalarının müəyyən edilməsi və tənzimlənməsi ilə bağlı hökumətə vaxtında ekspert təklifləri vermək və Xəzər dənizinin ekosistemində proseslərin inkişafını izləmək üçün illik və mövsümi müntəzəm olaraq ekoloji tədqiqatların aparılması zəruridir" - M.Axundov bildirib.
Mərkəzin direktoru təkcə balıqçılara və həvəskar balıqçılara deyil, həm də bütün vətəndaşlara müraciət edib:
"Bildiririk ki, hazırda müşahidə olunan iqlim dəyişiklikləri və artan antropogen iqtisadi aktivlik fonunda, indi formalaşan Xəzər ekosisteminin keyfiyyətcə yeni vəziyyəti 30-40 il əvvəlki kimi olmayacaq. Keçmiş qiymətli vətəgə əhəmiyyətli balıq ehtiyatları artıq Xəzərdə yoxdur. Bildiyiniz kimi, sentyabrın 1-də Xəzər dənizi də daxil olmaqla təbii su hövzələrində balıq ovunun qadağan olunmuş müddəti başa çatır. Buna görə də bütün balıqçılara müraciət edirik: qeyri-qanuni balıq ovu vasitələrindən, suda görünməz jilka tipli balıqçılıq torlarından istifadə etməyin, bu ov alətləri balıq populyasiyalarının tam tükənməsinə səbəb olur”.
M.Axundov həmçinin söyləyib ki, Xəzərin dəyişən ekosisteminin müasir şəraitində balıqların süni artırılması kifayət qədər səmərəli deyil:
“Doğrusu etiraf etmək lazımdır ki, təbiətdən tutulan balıq məhsullarının əvvəlki çeşidliliyi və bolluğu artıq olmayacaq. Hamımız təbii balıq ehtiyatlarının cəmiyyətin balıq məhsullarına artan tələbləri ilə uyğun olmadığını başa düşməliyik. Balıq məhsullarına artan tələbat, akvakulturanın inkişafına və iqtisadiyyatın bu sektoru üçün dövlət strategiyasının (proqramının) qəbul edilməsinə olan ehtiyacı diktə edir. Xəzər dənizi və digər təbii su hövzələri artıq artan balığa olan tələbatımızı ödəyə bilməz".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.