Aprelin 23-də beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri və tanınmış ekspertlərin iştirakı ilə “Bakı Prosesi” beynəlxalq işçi qrupunun virtual görüşü keçirilib.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, virtual görüş Azərbaycanın Mədəniyyət naziri, BMT baş katibinin ali nümayəndəsi, İSESKO-nun baş direktoru, UNESKO və digər qurumların nümayəndələrinin iştirakı nazirliyin “Facebook” səhifəsi üzərindən canlı yayımlanıb.
Virtual görüş COVİD-19 pandemiyası ilə əlaqədar hazırkı böhranın insanlar və mədəniyyətlər arasındakı münasibətlərə təsirlərini müzakirə etmək, bu şəraitdə effektiv dövlətlərarası və mədəniyyətlərarası əməkdaşlıqla bağlı fikir mübadiləsi aparmaq məqsədilə keçirilib.
Görüşü açan Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” təşəbbüsü ötən müddətdə qlobal mahiyyət qazanıb. 2011-ci ildən etibarən (iki ildə bir olmaqla) “Bakı Prosesi” çərçivəsində beş dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumu, altı dəfə Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. Azərbaycan paytaxtı 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edib.
Nazir bildirib ki, BMT tərəfindən “Bakı Prosesi” və Dünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində əsas qlobal platforma elan edilib.
Ə.Qarayev çıxışında həmçinin Azərbaycanda COVID-19 virusu ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, mədəniyyət və yaradıcılığın dəstəklənməsi üçün də 20-dən çox layihənin həyata keçirildiyini diqqətə çatdırıb.
Görüşdə BMT baş katibinin ali nümayəndəsi Migel Moratinos Azərbaycan dövlətinə və şəxsən Prezident İlham Əliyevə belə bir qlobal təşəbbüsə görə öz təşəkkürünü bildirib. Qeyd edib ki, pandemiyanın yaratdığı vəziyyətə görə bütün əvvəlki planları həyata keçirmək mümkün olmasa da, bu humanitar böhranın qarşısını almaq üçün həmrəylik nümayiş etdirməliyik.
İCESKO-nun baş direktoru Salim Al Malik İCESKO-Azərbaycan əlaqələrinin inkişafına göstərilən dəstəyə görə ölkəmizin rəhbərliyinə təşəkkürünü ifa edib. Qurumun rəhbəri İCESKO tərəfindən COVID-19 virusu ilə mübarizə üçün bir sıra layihə və müsabiqələrin elan edildiyini, xüsusilə rəqəmsal inkişafla bağlı mühüm addımların atıldığını diqqətə çatdırıb.
UNESKO-nun nümayəndəsi Ann Belinda Preis təşkilatın “Bakı Prosesi”nə sadiqliyini ifadə edərək qurum tərəfindən “ResiliArt” (dözümlü incəsənət) beynəlxalq çağırışının elan edildiyini, UNESKO-ya üzv dövlətlərin Mədəniyyət nazirlərinin onlayn görüşünün keçirildiyini vurğulayıb.
Panelin digər iştirakçıları tərəfindən mövcud vəziyyətlə əlaqədar maraqlı təkliflər irəli sürülüb, fikir mübadiləsi aparılıb. Çıxışlarda ölkələr arasında keçmişdə qurulmuş mədəni əlaqələrin daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb.
Sonda virtual görüşün müzakirəsinin xüsusi hesabatının hazırlanması və gələcək əməkdaşlıqla bağlı yeni yol xəritəsinin təqdim edilməsi qərara alınıb. Görüşün nəticələri barədə ətraflı hesabat yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.