Fransa Ermənistandakı səfirliyinə yeni hərbi attaşe təyin edib. Bu barədə Caliber.az məlumat yayıb. Məlumatda qeyd edilib ki, bu, ilk dəfə 2022-ci ilin sentyabrında Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı yüksək səviyyədə müzakirə edilib və hazırda faktiki rəsmiləşmə mərhələsindədir.
Fransa hərbi attaşesi Fransanın öldürücü silahlarının Ermənistana tədarükünə nəzarət edəcək. Qeyd edilib ki, Parisin Ermənistana müasir silahların tədarükü ilə bağlı hərbi-siyasi qərarına əsas dəstəyi şəxsən Fransa Prezidenti Emmanuel Makron verib.
Beləcə, Avropa İttifaqının aparıcı ölkələrindən biri regiona müasir silahların verilməsindən imtina etmək kimi ənənəvi ümumavropa siyasətini kobud şəkildə pozub, bununla da regionda hərbi balansa Ermənistanın xeyrinə təsir göstərməyə çalışıb.
Saytın məlumatına görə, artıq fransalı hərbi təlimatçılar Ermənistandadır və erməni hərbçilərə təlimlər də keçir. Sərhəddəki son insidentlər zamanı onlardan biri hətta videokadrlara düşüb. Söhbət erməni hərbçilərinə PUA-lara kəşfiyyat və hücuma nəzarət etməyi öyrədən fransız hərbi təlimatçıdan gedir. Üstəlik, NATO hazırlığı olan bu cür “mülki” mütəxəssislərin görünən bu fəaliyyəti yeganə hal deyil, oxşar siqnallar şərti sərhədin digər hissələrindən də alınıb. Qeyd edək ki, düşmən tərəfin avtomobildən idarə olunan PUA ilə zərbə endirməsi nəticəsində hərbçimiz Orxan Novruzəlizadə həlak olub. Əlbəttə, belə bir dövlətin Bakı-İrəvan sülh danışıqlarında neytral vasitəçi olmasından söhbət belə gedə bilməz. Aydındır ki, Ermənistanın Fransada güclü lobbisi var. Onlar da daxili siyasətə və qəbul olunan qərarlara təsir etmək iqtidarındadır. Avropa İttifaqının (Aİ) aparıcı dövlətlərindən biri kimi Fransanın müasir silahları Ermənistana verməsi həm də regionda qüvvələr balansını qarşı tərəfin xeyrinə dəyişməyə yönəlib. Fransanın bu addımı həmçinin Ermənistandakı revanşizm əhvali-ruhiyyəsini yüksəldir, hazırkı status-kvonun dəyişdirilməsinə ümid yaradır, işğalçılıq prinsiplərini və separatizm meyllərini gücləndirir. Rəsmi Parisin bu davranışları eyni zamanda Cənubi Qafqazda yeni eskalasiya riskini artırır, beynəlxalq səviyyədə təhlükəsizliyin daha da zədələnməsinə gətirib çıxarır. Görünən odur ki, Fransa üçün nə regionun, nə də dünyanın təhlükəsizliyi önəmli deyil. Çünki Fransa işğalçı, eyni zamanda Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistana hərbi-siyasi dəstək verir. Azərbaycan Avropa İttifaqının bir çox dövlətləri ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Fransanın Ermənistanı silahlandırması və ölkəmizə mənfi münasibət bəsləməsi Azərbaycanı qabaqlayıcı addımlar atmağa sövq edir. Paralel olaraq, ölkəmiz də Avropadakı strateji tərəfdaşlarına müasir silahların alınması üçün müraciət edə bilər.
Fransa Ermənistana silah satmaqla ATƏT-in münaqişə tərəflərinə silah satmamaqla bağlı 1992-ci il qətnaməsini pozmuş olur. Qeyd edək ki, məhz bu qadağa səbəbindən Azərbaycan Avropa ölkələrinin aparıcı hərbi texnikasını almaq imkanından məhrum idi. Bu hadisəyə qədər Fransa Ermənistanın ardınca münaqişənin bitmədiyini və hələ də davam etdiyini bildirirdi. Lakin Ermənistana silah-sursatın satılması ya Fransanın münaqişənin bitdiyini dolayısı yolla rəsmən qəbul etdiyini, ya da Minsk Qrupunda həmsədrlik statusundan könüllü surətdə imtina etməsi kimi qəbul edilə bilər.
Fransanın kapitulyant ölkənin ordusunu müasir və bahalı silah - hərbi sistemlərlə təchiz etməsi hansı nəticələrə səbəb ola bilər? Bu silahları almaq üçün Ermənistanın yetərincə maliyyə resursu varmı?
DİA.AZ-ın məlumatına görə, hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a deyib ki, Fransanın Ermənistana indi hərbi attaşe təyin etməsi təəccüblüdür: “Bu qədər yaxın olan Fransanın Ermənistana indiyə qədər hərbi attaşe təyin etməməsi maraqlıdır. İstənilən ölkənin digər ölkədə səfirliyi varsa, ölkələr arasında hərbi, hərbi texniki əməkdaşlıq varsa, hərbi attaşe də olmalıdır. Belə görünür ki, Fransa indiki halda Ermənistana silah vermək maraqları çərçivəsində bu addımı atıb”.
Hərbi ekspert deyir ki, Fransa bölgədə sülh və əmin-amanlığın bərqərar olmasında maraqlıdırsa, Ermənistana silah vermək əvəzinə, başqa rıçaqlarla təsir edib işğalçılıq siyasətindən əl çəkməsinə nail olmalıdır: “Ermənistana təzyiq göstərib beynəlxalq hüquq normalarına hörmətlə yanaşmasını tələb etmək əvəzinə silah verməklə heç nəyə nail olmayacaqlar. Bu siyasəti davam etdirməklə Ermənistanı işğalçı müharibəyə sürükləmiş olurlar. Bu siyasəti davam edəcəklərsə, qarşılarında ən müasir silahlarla təchiz olunmuş Azərbaycan əsgərini görəcəklər. Azərbaycanın kifayət qədər müasir, yüksək dəqiqlikli, dağıdıcı silahları var. Azərbaycan Pakistan, İsrail və digər ölkələrdən aldığı müasir silahlarla Ermənistana növbəti dəfə dərs verməyə hazırdır. Fransa Azərbaycana qarşı daim qərəz nümayiş etdirib. 44 günlük Vətən müharibəsi günlərində Fransa kimi bir dövlətin prezidenti Makronun özünü biabır etməsinin şahidi olmuşuq. O zaman Paşinyanın bir yalanı ilə Emmanuel Makron özünü dünyada rüsvay elədi. Deyirdi ki, Azərbaycan tərəfindən guya hansısa terrorçu qruplaşmalar iştirak edir. Hər kəsə də bəlli oldu ki, Azərbaycan tərəfindən döyüşlərdə hər hansı bir terrorçu iştirak etməyib. Fransanın Ermənistanı silahlandırmasından narahatlıq keçirməməliyik, öz işimizi görüb ordumuzu gücləndirməliyik. Azərbaycan orduya lazım olan ən müasir silah-sursatı, hərbi texnikanı alır”.
Hərbi ekspert deyir ki, Fransa Ermənistana silah verməklə insan ölümlərinin genişlənməsinə yol açır: “Ermənistan Azərbaycana bir mərmi atırsa, cavabını da artıqlaması ilə alır. Fransa silahlanmanı geniş yaymaqla Ermənistana daha çox ziyan verir. O baxımdan ki, Ermənistan silahlardan istifadə etməklə işğalçı müharibəni davam etdirərsə, çoxlu hərbçisinin meyitini qarşılamalı olacaq. 44 günlük müharibədə bunu görüblər”.
Ü.Cəfərov bildirdi ki, Fransa başa düşməlidir ki, Azərbaycan istər Ermənistanın, istərsə də Ermənistana havadarlıq edən başqa ölkələrin təxribatının qarşısını almaq gücündədir. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq: “44 günlük müharibədən sonra Azərbaycan Ordusunun ən müasir silahlarla təchizatı davam edib. Fransa da, Ermənistan da başa düşməlidir ki, Azərbaycanda elə silahlar var ki, hələ istifadə etməmişik. Həmin silahlardan istifadə etsək, Ermənistan üçün çox acı nəticələr olacaq. Zatən ermənilər 44 günlük müharibədən sonra doğru-düzgün nəticə çıxarmalıdırlar. Çıxarmayacaqlarsa, Ermənistanda ordu adına bir şey qalmaya bilər”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.