Paşinyan hakimiyyəti öz avantürist siyasətinin real nəticələri ilə üzləşib, indi əgər, rəsmi İrəvan Rusiyanın təzyiqləri qarşısında KTMT kontingentini Ermənistana buraxarsa, bu, ABŞ və Qərbin kəskin reaksiyasına səbəb ola bilər... Əks haldasa, Avropa Birliyinin “təhlükəsizlik çətiri”nə olan ümidləri boşa çıxan Ermənistana qarşı Rusiyanın cəza addımlarının daha təhlükəli istiqamətlər ala biləcəyi qətiyyən şübhə doğurmur...
Cənubi Qafqazda hərbi-siyasi gərginlik artıq ən yüksək həddə çatıb. Hazırda yaranmış vəziyyət hər an başlaya biləcək daha genişmiqyaslı savaş təhlükəsinin ilkin əlamətləri kimi diqqəti çəkir. Üstəlik, mövcud situasiya Cənubi Qafqazda sülh prosesinə vasitəçilik iddiasında olan geopolitik oyunçuların göstərdiyi cəhdlərin uğursuz olduğunu, hətta iflasa uğradığını da təsdiqləyir. Və bu baxımdan, regional problemlərin istənilən halda, hərbi faktorların təsiri altında nizamlana biləcəyi qətiyyən istisna deyil.
Təbii ki, belə vəziyyətin yaranmasında Cənubi Qafqaza birbaşa aidiyyatı olmayan kənar güclərin rolu inkaredilməzdir. Belə ki, rəsmi İrəvanın “xaotik və sürüşkən siyasəti” ucbatından Ermənistan ərazisin nəhəng güclərin ziddiyyət məkanına çevrilib. Cənubi Qafqazda maraqları kəskin şəkildə toqquşan kənar güclər indi geopolitik mübarizəni məhz Ermənistan üzərindən aparmağa çalışırlar. Və Azərbaycan-Ermənistan sülh danışıqları prosesində həddindən artıq çox sayda vasitəçinin olması da əlavə gərginlik yaradır.
Məsələ ondadır ki, Cənubi Qafqazdakı sülh prosesində vasitəçilik iddiasında olan kənar güclər daha çox öz strateji maraqları üzərindən manevrlər edirlər. Ona görə də, vasitəçilik missiyasına iddialı olan ABŞ, Rusiya və Avropa Birliyinin maraqlarının kəskin toqquşması son nəticədə regional sülh prosesinə neqativ keyfiyyətdə təsir göstərir. Hər halda, 11 apreldə Ermənistanın hərbi təxribatları ucbatından baş vermiş sərhəd toqquşmasının regiondan kənar güclərin qarşıdurmasının təzahürü olduğu qətiyyən şübhə doğurmur.
Həmin sərhəd toqquşmasından öncə baş verən hadisələrə və siyasi proseslərə diqqət etdikdə, Ermənistanın son hərbi təxribatının səbəblərini təxmin etmək çətinlik törətmir. Belə ki, Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün gələn ayın ikinci ongünlüyündə ABŞ-ın dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda keçiriləcəyi barədə məlumat yayılmışdı. Və bu, əsas gündəm mövzusu kimi intensiv şəkildə müzakirə edilirdi.
Təbii ki, Cənubi Qafqazda sülh prosesinə bağlı ən yüksək səviyyəli görüşün məhz ABŞ-ın vasitəçiliyi ilə keçirilmə ehtimalı Ağ Evin regionda geopolitik təşəbbüsü Rusiyanın əlindən alması anlamı daşıyırdı. Əgər, Kremlin iştirakı olmadan belə bir görüş keçirilərsə, Rusiya Cənubi Qafqazda oyundankənar vəziyyətə düşə bilərdi. Və nəzərə almaq lazımdır ki, bu, Rusiyanın üzləşdiyi ikinci analoji situasiyadır.
Bundan öncə - 2022-ci ilin sonlarında da oxşar vəziyyət yaranmışdı. Belə ki, Azərbaycan və Ermənistan liderləri Avropa Birliyinin vasitəçiliyi ilə Praqada görüşərək, olduqca önəmli anlaşmalara nail olmuşdular. Bundan narazı qalan Kreml regionda hərbi-siyasi gərginliyin artırılması ilə prezident Vladimir Putinin vasitəçiliyi ilə Soçi görüşünü reallaşdıra bildi. Bununla da Kreml Rusiyanın əleyhinə çevrilməyə başlayan regional proseslərdə geopoliotik tarazlığı qorumuş oldu.
İndi baş verən hadisələri də təxminən ötən il olanların təkrarı hesab etmək mümkündür. Kreml Ermənistan üzərindən hərbi təxribat törətməklə, iki ölkə liderlərinin Vaşinqton görüşü ərəfəsində Rusiyanın vasitəçilik missiyasını gündəmə gətirə bildi. Son məlumatlara görə, yaxın vaxtlarda Moskva görüşünün təşkili barədə ilkin razılaşma artıq əldə olunub.
Təbii ki, Ermənistanı silahlı təxribatlara sövq etmək üçün kifayət qədər ciddi mexanizmlərə sahibdir. Ermənistan generaliteti demək olar ki, tam heyətdə Rusiyanın nəzarəti altındadır və Kremldən gələn istənilən təlimatı yerinə yetirməyə hazırdır. Azərbaycan ordusunun iki sərhəd postu arasında mövqe tutmağa çalışan Ermənistan hərbçilərinə erməni briqada komandirinin şəxsən rəhbərlik etməsi də bu təxribatın əvvəlcədən planlaşdırıldığını biruzə verir.
Beləliklə, Kreml erməni generalitetini hərbi təxribatlara çəkməklə növbəti dəfə Rusiyanın maraqlarını ifadə etmiş oldu. Üstəlik, Ermənistanın hərbi təxribat törətdiyi ərəfədə müdafiə naziri Supen Papikyanın NATO qərargahında olması da maraqlı məqamdır. Rəsmi İrəvan hazırda Ermənistan ordusunun NATO təlimlərində iştirakı ilə bağlı məsələni müzakirə etməkdədir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova isə son açıqlamsında Kremlin bu məsələ ilə bağlı Ermənistandan izahat tələb etdiyini vurğulayıb. Onun dediyinə görə, Rusiyanın patronajlığı altında olan KTMT-nın hərbi təlimlərini ləğv edən Ermənistanın NATO ilə təlimlərə qatılmaq niyyətinə düşməsi Kremldə çaşqınlıq yaradıb. Ona görə də, Rusiya rəsmi İrəvanın verəcəyi izahata uyğun şəkildə Ermənistanın davranışları barədə mövqeyini müəyyən edəcək. Və bu, Kremlin üstüörtülü şəkildə Ermənistanın təhdid olunması anlamı daşıyır.
Digər tərəfdən, Kreml erməni generaliteti üzərindən, bəzi məlumatlara görə, həm də baş nazir Nikol Paşinyanın razılığı ilə Ermənistanın törətdiyi təxribatlarla rəsmi İrəvana Avropa Birliyinin mülki müşahidə missiyasının əhəmiyyətsiz olduğunu da göstərə bildi. Belə ki, Ermənistan mənbələrinin iddialarına görə, Avropa Birliyinin missiya rəhbəri Markus Ritteri nə qədər dilə tutsalar da, onu silahlı toqqşmaların baş verdiyi bölgəyə aparmaq mümkün olmayıb.
İndi Kreml rəsmi İrəvandan KTMT müşahidə qrupunun Ermənistana göndərilməsi ilə bağlı tələblərin icrasını tələb edir. Halbuki bir neçə gün öncə rəsmi İrəvan KTMT təmsilçilərinin Ermənistana gətirilməsinin bir neçə dəyişməz şərtin qəbulu ilə əlaqələndirmişdilər. Üstəlik, həmin şərtlər KTMT hərbi təmsilçilərini Azərbaycanla toqqşmalara sövq edə biləcəyindən bu hərbi-siyasi alyansın digər üzvlərinin neqativ mövqeyi ilə üzləşmişdi. Və indi böyük ehtimalla Kremlin təzyiqləri ilə rəsmi İrəvan özünün avantürist şərtlərindən imtina etməyə məcbur olunacaq.
Göründüyü kimi, Paşinyan hakimiyyəti Ermənistanı çıxılmaz vəziyyətə salıb. Ermənistan ordusunun törətdiyi hərbi təxribatlar rəsmi İrəvana regiondakı status-kvonu dəyişməyə imkan vermir. Azərbaycan ordusunun “dəmir yumruğu” hərbi təxribatlar törədən Ermənistanı hər dəfə yerində oturdur. Avropa Birliyinin mülki müdafiə missiyasına olan ümidlər isə tamamilə boşa çıxmaqdadır. Üstəlik, rəsmi İrəvan Qərb və Rusiyanın çarpaz təzyiqlər altında qalıb.
Bütün bunlar onu göstərir ki, Ermənistan hazırda Paşinyan hakimiyyətinin avantürist siyasətinin real nəticələri ilə artıq üzləşməyə başlayıb. Əgər, rəsmi İrəvan Rusiyanın təzyiqləri qarşısında KTMT kontingentini Ermənistana buraxarsa, bu, ABŞ və Qərbin kəskin reaksiyasına səbəb ola bilər. Əks haldasa, Rusiyanın Ermənistana qarşı cəza addımlarının daha təhlükəli istiqamətlər alacağı qətiyyən şübhə doğurmur. Və bu, Ermənistanın çarpaz zərbə altında qalması deməkdir.(Yeni Müsavat)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.