ABŞ Konqresinin aşağı palatasının uydurma erməni soyqırımı haqqında qəbul etdiyi qətnamə, bu ölkənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədri olaraq obyektivliyini şübhə altında qoyur.
Bunu açıqlamasında millət vəkili Sahib Alıyev deyib.
Onun sözlərinə görə, son 30 illik tarixdə baş verən işğalçılıq, etnik təmizləmə, Xocalı kimi soyqırım hadisəsinə qiymət verməyən, özünü dünyada insan haqlarının, demokratiyanın, təhlükəsizliyin təminatçısı kimi təqdim edən, işğalı qəbul etməyən bir ölkənin bir əsr bundan öncə əslində baş vermədiyi bir hadisəyə belə bir münasibət bəsləməsi heç bir məntiqə sığmır.
“Əgər bu belə deyilsə, ABŞ o zaman ilk olaraq Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq, etniktəmizləmə və soyqırım siyasətinə qiymət verməlidir. Öz ata yurdundan didərgin düşən yüz minlərlə insanın pozulan hüququnun pozulmasına münasibət bildirməlidir və onların hüquqlarının bərpasına nail olmalıdır. Lakin biz bunun heç birinin şahidi olmuruq”, - deyə millət vəkili bildirib.
S.Alıyev əlavə edib ki, ABŞ Konqresinin aşağı palatasının uydurma erməni soyqırımı haqqında qəbul etdiyi qətnamə demək olar ki, 1984-cü ildəkinin təkrarıdır.
“O zaman ABŞ senatı və Prezidenti təsdiqləmədiyi üçün qətnamə qanun şəkli almadı, yəni heç bir təsir qüvvəsi olmayan sənədlər içində itib-batdı.
Amma onda Türkiyə-ABŞ və Türkiyə-İsrail əlaqələri indiki kimi gərgin deyildi. Yəni indi bu qətnamənin qanuna çevirilməsi təhlükəsi var. Yəhudi lobbisinin Türkiyəyə yanaşmasını nəzərə alsaq, hər halda onun senatdan keçməsi mümkün görünür.
Bütün hallarda ABŞ Konqresinin aşağı palatasının atdığı bu addım “Azadlığa dəstək” aktına edilən 907-ci düzəliş kimi qərəzli və ədalətsizdir. Eyni zamanda da Birləşmiş Ştatların Minsk qrupunun həmsədri olaraq obyektivliyini şübhə altına qoyur”, - deyə deptat bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.