Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində transfert məbləğinin payı 2017-ci ildəki 39 faizdən ötən il 35,6 faizə, bu il isə 32,8 faizə enib. Əhaliyə sosial ödənişlərin ciddi şəkildə artdığı şəraitdə transfert məbləği azalmaqdadır. Qarşıdakı dövrdə də Fondun gəlirlərində mütəmadi artımın və həmçinin idarəetmə xərclərinin optimallaşdırılmasının təmin edilməsi bu müsbət dinamikanın davam etməsinə imkan verəcək.
Bunu Prezidenti İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar görüləcək işlərin müzakirəsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir ölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaş amilinin dayandığını, Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının əsas hədəfinin də məhz vətəndaş rifahının və dövlət sosial xidmətlərində vətəndaş məmnuniyyətinin təmin edilməsi olduğunu vurğulayıb. O bildirib ki, 2019-cu il həm əhalinin rifah halının yaxşılaşdırılması, həm də sosial sahədə xidmətlərin DOST layihəsi əsasında innovativ yenilikləri ehtiva edən yeni keyfiyyət mərhələsinə keçilməsi istiqamətində inqilabi addımların atılması ilə fərqlənən bir ildir.
Oktyabrın 15-də Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə dövlət başçısı Azərbaycanın sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkə olduğunu qeyd edərək, “Biz gələn il də ciddi sosial proqramlar icra edəcəyik, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacaq” deyə bəyan etdi. Bu isə Azərbaycan Prezidentinin sosial sahə ilə bağlı islahatlar proqramının gələn il də əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində növbəti ciddi irəliləyişləri təmin edəcəyini göstərir.
S.Babayev vurğulayıb ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi isə dövlət sosial xidmətlərinin – 132 xidmətin ölkəmiz üçün yeni brend ola bilən müasir və innovativ platformada təqdimatı təcrübəsinin formalaşmasını təmin edib. Cari il və gələn ilin ilk rübü Bakıda daha 4 DOST mərkəzi yaradılmaqla, eyni zamanda, artıq növbəti ildən DOST mərkəzləri şəbəkəsinin respublikanın regionları üzrə genişləndirilməsinə başlanacaq.
Nazir qeyd edib ki, DOST xidmətləri, eyni zamanda, vətəndaşların qəbulu və müraciətlərinə baxılmasında da bir nümunə formalaşdırıb. DOST mərkəzinə müraciət edən vətəndaşlara burada müraciətlərinə uyğun xidmətlərin operativliyi də artır – bu xidmətlərin vətəndaşa tam çatdırılma müddəti 15 dəqiqəyə enib. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda və Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsində də müasir tələblərə uyğun Qəbul Mərkəzləri fəaliyyət göstərir. Nazirliyin qəbul otağında da vətəndaşların qəbulu prosesinin müasir tələblərə uyğun səviyyədə, vətəndaşların rahatlığına cavab verən tərzdə qurulması işləri aparılır və yaxın vaxtlarda bu işlər yekunlaşacaq.
Nazirliyin Aparat rəhbərinin müavini Bəxtiyar Əzizov vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində görülən işlər, müraciətlərdə əksini tapan məsələlərlə bağlı aparılmış təhlillərin nəticələri barədə məlumat verib. Xidmət sahələrində şəffaflığın təminatına, məmur-vətəndaş təmaslarının aradan qalxmasına yönələn işlərin, xidmətlərin e-texnologiyaların tətbiqi şəraitində proaktiv qurulması üçün atılan addımların, o cümlədən pensiya təyinatının avtomatlaşdırılmasının, artıq müavinətlər sistemində də analoji təcrübənin tətbiqinə başlanmasının və s. xüsusi önəmi və vətəndaşlar tərəfindən rəğbətlə qarşılandığı, vətəndaşların şikayət məzmunlu müraciətlərinin də əhəmiyyətli dərəcədə azaldığı qeyd edilib.
İclasda vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində görülən işlər, həmçinin vətəndaşların müraciətlərində əksini tapan məsələlərlə bağlı aparılan təhlillərin nəticələri də ətraflı müzakirə olunmaqla, aidiyyəti üzrə tapşırıqlar verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.