“Məncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu məsələni araşdırmalıdır”.
Bunu AzNews.az-a açıqlamasında tanınmış jurnalist Azər Həsrət Milli Məclisin deputatı Rəfael Cəbrayılovun 300 min dollar borc aldığı Fətəliyeva Təranə Rasim qızının Bakı Dövlət Universitetinin müəllimi olması ilə bağlı məlumata münasibət bildirərkən deyib.
Azər Həsrət Təranə Fətəliyevanı tanımadığını qeyd edib:
“Adı çəkilən xanımı tanımıram, ona görə də yalnız ehtimallarla danışa bilərəm. Mən də sosial mediada onunla bağlı müxtəlif suallara rast gəlirəm. Daha çox belə bir sual diqqət çəkir, bir universitet müəllimində 300 min dollar hardandır ki, hələ bir borc da verə bilir? Açığı, düşünmürəm ki, adi universitet müəllimliyi ilə bu qədər əlavə pula sahiblənmək olar. Belə olan halda yəqin ki, o xanımın başqa gəlir mənbəyi var. O mənbəyin nə olduğunu isə deməkdə çətinlik çəkirəm. Əgər leqal biznesi varsa, heç. Yoxdursa, məncə korrupsiya idarəsi bu məsələni araşdırmalıdır. Hər halda müəllim qazancı ilə bu qədər pul qazanmaq şəxsən mənim üçün ağlabatan deyil”.
Azər Həsrət bildirib ki, məsələnin bu cür müzakirəsi deputat Rəfail Cəbrayılovun mandatına sayğısızlığını arxa plana keçirməməlidir: “Biz Milli Məclisdən bu məsələyə uyğun reaksiyanı gözləyirik”.
Qeyd edək ki, Milli Məclisin deputatı R.Cəbrayılov əvvəlcə Fətəliyeva Təranə Rasim qızından 300 min dollar borc alması müqabilində deputat vəsiqəsini girov qoyub. O, notarial qaydada təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci ildə Təranə Fətəliyevadan 300 min ABŞ dolları borc alıb, lakin ödəyə bilməyib.
Xatırladaq ki, Rəfael Cəbrayılovun 300 min dollar borc aldığı Təranə Fətəliyevanın BDU-nin Hüquq fakültəsinin müəllimi olduğu deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.