Almaniyada çalışan gənc azərbaycanlı həkim Ülkər Nağızadə (FOTO)
2-04-2020, 15:07
208 dəfə baxılıb
Mən, Ülkər Nağızadə Rauf qızı 25 iyun 1990-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışam. Uşaqlıq illərindən bəri həmişə həkim olub, insanları xilas etmək mənim böyük arzum olub.
2008-ci ildə qəbul imtahanında yüksək bal toplayaraq Azərbaycan Tibb Universiteti Müalicə-profilaktika fakültəsinə qəbul olunmuşam. Təhsil aldığım dövrdə gələcəkdə təhsilimi davam etdirmək üçün Almaniyaya üz tutacağıma qərar verdim və 2012-ci ildən başlayaraq alman dilini öyrənməyə başladım. 2014-cü ildə universiteti bitirdikdən sonra Almaniya Federativ Respublikasının qədim elm ocaqlarından biri olan Heidelberg Universiteti xəstəxanasında praktika keçmək imkanını əldə etdim. Bu zaman ərzində həmçinin Azərbaycanda aldığım təhsilimin Almaniyada tanınması üçün sənədlərimi “Baden-Württemberg” federativ əyalətinin paytaxtı olan Stuttgart şəhərindəki “Regierungspräsidium” adlı dövlət qurumuna göndərdim və uzun müddət davam edən uyğunlaşdırma prosesindən sonra 16 iyun 2016-cı ildə diplom təsdiq imtahanını müvəffəqiyyətlə verdikdən sonra aprobasiyamı əldə etdim. Həmin ilin noyabr ayında Marbach xəstəxanasının “Daxili xəstəliklər, gastroenterologiya və geriatriya” klinikasında həkim kimi çalışmağa başladım. 2017-2018-ci ildə Almaniyada “İnfluenza” epidemiyası zamanında Marbach xəstəxanasında 30 yataqlı şöbənin şöbə həkimi olmuşam.
1 avqust 2018-ci ildən 1 may 2019-cu ilə kimi Winnenden xəstəxanasının “Daxili xəstəliklər, gastroenterologiya və geriatriya” klinikasında çalışmağa başlamışam. Winnenden xəstəxanasında çalışdığım dövr ərzində 8 ay “Notaufnahme”-də (emergency department) qəbul həkimi kimi çalışmış, bir çox miokard infarktlı, ağciyər arteriyasının tromboemboliyası (AATE), aortanın disseksiyası, mədə-bağırsaq sistemi qanaxması və sairə kimi ağır xəstəliklərdən əziyyət çəkən pasientlərə təcili və təxirəsalınmaz yardım göstərərək onların həyatda qalmasına nail olmuşam.
1 may 2019-cu ildən Stuttgart klinikasının Bad Cannstatt xəstəxanasında “Endokrinologiya, diabetologiya və geriatriya” bölümündə həkim çalışıram. Hal-hazırda “İntensiv terapiya” şöbəsində rotasiyadan keçirəm. COVİD-19 pandemiyası əsasında mənim çalışdığım xəstəxana bu virusa yoluxmuş xəstələrin terapiyası üçün müalicə mərkəzi olaraq seçilmişdir. Hal-hazırda bizim xəstəxanada COVİD-19 diaqnozu təsdiq olunmuş 35 xəstə var ki, onlardan 10-nu kritik vəziyyətdədir və “İntensiv terapiya” şöbəsində müalicə olunur. “İntensiv terapiya” şöbəsində müalicə alan xəstələrin hamısını “ARDS” (Acute respiratory distress syndrome) –in inkişaf etməsi ilə əlaqədar olaraq intubasiya edərək, süni tənəffüs aparatına qoşmuşuq. Bununla yanaşı bu xəstələrdə digər bakteriyaların da prosesə qoşulması ilə əlaqədar olaraq bakterial pnevmaniya və ya sepsisdə inkişaf etdiyi üçün “Ümumdünya Səhiyyə Təşkilatı”-nın (ÜST) tərtib etdiyi protokollara uyğun olaraq antibiotiklər ilə müalicə də aparırıq.
Bu 10 xəstədən 3-ündə kəskin böyrək çatışmazlığı ilə əlaqədar olaraq hemodializ terapiyasına başlamışıq. Xəstələrimizdən ikisində virus fonunda miokardit (ürək əzələsinin iltihabı) inkişaf etmişdir. Hələlik virus fonunda yaranmış simptom və ağırlaşmaları müalicə edirik.
Bunu da həmçinin qeyd etməliyəm ki, “COVİD-19”-a yoluxmuş xəstələrdə müxtəlif göbələk xəstəliklərinin inkişafının qarşısını almaq üçün steroid tərkibli dərmanları terapiyaya daxil etmək qətiyyət məsləhət deyil.
Ümumilikdə Almaniya Federativ Respublikasında hal-hazırda 75754 koronavirusa yoluxmuş xəstə var. Onlardan artıq 18700 nəfəri müalicə edilərək sağaldılmış, 848 nəfər isə təəssüf ki, vəfat etmişdir. Hal-hazırda 3405 xəstənin vəziyyəti kritikdir və “İntensiv terapiya” şöbəsində müalicə edilirlər. Qeyd etmək lazımdır ki, yoluxmuş xəstələrin 81%-də xəstəlik yüngül-orta ağırlıqda, 14%-də ağır və 5%-də isə kritik olaraq inkişaf edir. Təxminən 0,5-3% hallarda xəstəlik ölüm ilə nəticələnir.
Ümumən Almaniyada 27000 “İntensiv terapiya” yatağı var ki, onlardan 25000-ni süni tənəffüs aparatı ilə təchiz olunub. Bu həftənin sonuna qədər Almaniya Federativ Respublikasının Səhiyyə nazirliyi “İntensiv terapiya” şöbəsindəki yataqların sayını 30000-ə çatdırmağa çalışır. Bunu da qeyd etməliyəm ki, Almaniyanın bir çox klinikalarında alman vətəndaşlar ilə yanaşı qonşu ölkə olan Fransadan və İtaliyadan da kritik vəziyyətli xəstələr təhvil alınaraq müalicə olunurlar.
Pandemiya ilə əlaqədar olaraq bir çox idarələr “Home office” modelli iş rejiminə keçmişdir. 16 martdan etibarən bütün Almaniyada məktəblər, bağçalar və universitetlər pandemiya ilə əlaqədar olaraq fəaliyyətini dayandırmışdır. Bütün tədbirlər, konfranslar və festivallar təxirə salınmışdır. Küçədə iki nəfərdən artıq şəxsin bir yerə gələrək söhbət edilməsinə qadağa qoyulmuşdur. Bəzi federativ əyalətlərdə artıq xüsusi karantin rejimi ilə əlaqədar insanlara ancaq aptek, supermarketə və xəstəxanaya getmək üçün küçəyə çıxmağa icazə var. 13 martdan etibarən xəstə yaxınları xəstəxanalara buraxılmır. Bütün bu qaydalara əməl etmədikdə isə insanları 25000 avroya qədər cərimə gözləyir. Aprel ayının 1-də isə Respublika üzrə karantin rejimi aprel ayının 20-sinə kimi uzadılmışdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR