1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) yoluxucu xəstəliklər şöbəsində iki nəfər var.
Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumatında qeyd olunub.
Məlumata görə, fevralın 17-si üçün KTM-də iki nəfər həkim müşahidəsində saxlanılır.
Çinin Çançun şəhərində təhsil alan 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı və bu ölkənin Uhan şəhərində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı (tələbələr - red.) fevralın 1-i Uhan-Ankara aviareysi ilə Ankara şəhərinə gəliblər və orada karantinə yerləşdiriliblər. Karantin müddətində Türkiyədə alınan analizlərin cavabları mənfi olub, yəni onların səhhətində heç bir problem aşkarlanmayıb.
Karantin müddəti bitdikdən sonra Bakıya qayıdan zaman onların bədənlərinin hərarəti normadan bir qədər yüksək olduğu üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Bu gün saat 07:30 üçün yoluxucu xəstəliklər şöbəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir.
Xəstəlik alovlanan ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada bir nəfər qalır. Onun karantin müddəti fevralın 18-i bitir. Vəziyyəti normaldır və heç bir şikayəti yoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.