Hazırda Azərbaycanda falçılıq və cadugərlik olduqca geniş yayılıb. Onlara maraq göstərənlər isə heç də ancaq sadə vətəndaşlar deyillər. Vəzifəli şəxslər də falçı və cadugərlərin xidmətindən geniş istifadə edirlər. Bunu heç falçı və cadugərlərin özləri də gizlətmirlər. Anormal bir hal sayılsa da bu onların şəxsi həyatı ilə bağlıdır. Amma dövlət vəzifəsinin icrasında bu xidmətlərə yer ayırmaq artıq dövlətə və xalqa açıqdan açığa sayğısızlıqdır. Bu günlərdə cumhuriyyet.az-ın əməkdaşları Şəki rayon mərkəzi xəstəxanasında məhz belə bir faktın üstünü açıblar. Belə ki, xəstəxananın camaşırxanasında Nazmiyyət adlı qadın falabaxaraq vətəndaşlara xidmət göstərir. Həmin olayın görüntülərini sizə təqdim edirik:
Şəkinin səhiyyə sisteminin bərbad durumda olması barədə müxtəlif faktlar təqdim olunmaqdadır. Qeyd edək ki, saytımızda biz artıq Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) fəaliyyətində yer almış müxtəlif neqativ hallardan bəhs edən bir neçə tənqidi material dərc etmişik. Bu xüsusda aldığımız məlumatlarda ilk növbədə Şəki RMX-nın baş həkimi Elçin Əmirovun törətdiyi çeşidli korrupsiya hallarından bəhs edilir. Bildirilir ki, baş həkim bir çox kənd sahə xəstəxanalarına və həkim məntəqələtinə öz yaxın adamlarını rəhbər təyin etməklə, onların əli ilə ayrılan vəsaitlərin silinməsinə və bir çox şəxslərin adlarının həmin tibb ocaqlarında getməsinə şərait yaradıb. Daha sonra, açıqlamalarda rayonun səhiyyə sistemində ən çox saxtakarlığa yol verilən sahələrdən birinin tibb müəssisələrinə dərmanların alınmasında şişirdilmiş qiymətlər olduğu göstərilir. Həmçinin məlumatlarda qeyd olunur ki, Şəki RMX-da Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir. Halbuki, bu ehtiyaclar üçün dövlət tərəfindən hər il külli-miqdarda xəsait ayrılır. Bunun müqabilində isə, əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır.
Baş verənlərlə bağlı cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, Şəki rayon mərkəzi xəstəxanasında baş həkimin əsas yardımçıları onun müavinləri Sərxan və Knyaz həkimdir. Əsas pul mənbəyi isə UZİ kabinetində toplanır ki, bu prosesə də Esmira Cəlilova rəhbərlik edir. Digər tərəfdən də, bir müddət əvvəl Şəkidən aldığımız məlumatlarda Elçin Əmirov rayon səhiyyəsinə ayrılan külli-miqdarda dövlət vəsaitlərinin də mənimsənilməsində ittiham olunurdu: “Şəki səhiyyəsinə ayrılan vəsaitlərin silinməsinə nəzər yetirdikdə, əslində yarasız kənd sahə xətəxanalarının və tibb məntəqələrinin hesabına hər il yüz minlərlə manat vəsaitlərin silinərək mənimsənildiyi üzə çıxır. Son bir ildə Şəki Rayon Mərkəzi Xəstəxanasına 1,3 milyon manatdan çox vəsait ayrılıb. Həmin vəsaitin böyük hissəsi əsaslı və cari təmir işləri, avadanlıq və inventarların, ərzaq mallarının alınması, mətbəə xidmətləri və digər xərclər bəhanəsilə mənimsənilib. Sənədlərdə təkcə bir ildə Şəki Rayon Mərkəzi Xəstəxanasının nə az, nə çox, tam 105 min manatlıq dəftərxana ləvəzimatları işlətməsi qeyd olunub. Kəndlərdə tibb ocaqları uçuq-sökük daxmalardan ibarət olan Şəki Rayon Mərkəzi Xəstəxanasının bir ildə yüz min manatdan artıq dəftərxana ləvazimatının işlətməsi doğurdan gülünc görününr və bu, açıq korrupsiya faktı kimi dəyərləndirilə bilər…” Yeri gəlmişkən, bu günlərdə redaksiyamıza yeni daxil olmuş açıqlamalarda, bütün bu maxinasiyalarda Elçin Əmorovun arxasında duran əsas şəxsin Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova olduğu iddia olunur. Mənbə bildirir ki, məhz RİH-nin şöbə müdirinin himayəsinə güvənərək, bəzən isə hətta birbaşa onun göstərişlərinə əsaslanaraq, Şəki RMX-nın baş həkimi bütün bu özbaşınalıqlara yol verir. Qeyd olunduğu kimi, bu gün Şəki rayonunda iki korpusda rayon Mərkəzi Xəstəxanası, Doğum evi, Birləşmiş uşaq xəstəxanası, Psixatriya xəstəxanası, Ağ ciyər xəstəlikləri xəstəxanası, 7 poliklinik şöbə və poliklinika, 3 kənd sahə xəstəxanası, 15 kənd həkim məntəqəsi fəaliyyət göstərir. Mənbələr isə iddia edirlər ki, bütün bu səhiyyə müəssisələrində “ölü canlar” təcrübəsinin tətbiqi, dərman spekulyasiyaları, rüşvət yığımları və bir çox digər qanun pozuntuları davamlı olaraq həyata keçirilməkdədir…
Musayev Vüqar Rəcəb oğlu,( cumhuriyyet.az)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.