Ramin Qasımov: Heydər Əliyev siyasətinin təntənəsi
7-03-2023, 15:57
63 dəfə baxılıb
Salyan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramin Qasımov - “Azərbaycan müasir tarixinin mühüm bir dövrü görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin adı və çoxşaxəli fəaliyyəti ilə bağlıdır. Müasir Azərbaycan məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə inkişaf mərhələsinə qədəm qoymuşdur. İstər sovetlər dönəmində respublikaya rəhbərliyi zamanı, istərsə də 1993-2003-cü illərdə müstəqillik etapında Azərbaycan sürətli inkişaf mərhələsinə qədəm qoyub. Cəmiyyətimizdə haqlı olaraq belə bir mövqe formalaşıb ki, Azərbaycanın bugünkü uğurları Heydər Əliyev siyasətinin təntənəsidir”.
Azərbaycan bu gün dünyanın ən sürətlə, hərtərəfli inkişaf edən dövlətlərindən birinə çevrilib. Azərbaycan tarixinə xilaskar və qurucu lider kimi daxil olmuş Ulu Öndər xalqımızın taleyində, siyasi- ictimai və mədəni həyatında müstəsna xidmətlər göstərib. 1993-cü ildə respublikamızda tuğyan edən ictimai-siyasi böhran zamanı ikinci dəfə hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən Azərbaycanın qurtuluşu kimi qeyd olunur. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, siyasi-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikamızın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatımızda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycan dünya birliyinə inteqrasiyaya başladı. Ulu öndər 21 iyun 1994-cü il tarixində Prezident Sarayında respublika iqtisadiyyatının və həyatın digər sahələrinin cari məsələlərinə həsr olunmuş müşavirədə vurğulayıb: “Azərbaycanın müstəqil dövlət olması, xalqımızın azadlığa çıxması tarixi hadisələrdir və biz bunları qiymətləndirməli, əldə edilmiş nailiyyətləri əbədiləşdirməliyik. Bu, istər bizim, istərsə də gələcək nəsillərin qarşısında duran strateji vəzifədir”. Ancaq bu müstəqilliyi qoruyub saxlamaq və möhkəmləndirmək olduqca mühüm məsələ idi. Bununla əlaqədar ulu öndər Heydər Əliyev 1993-cü il oktyabrın 18-də Dövlət Müstəqilliyi Günü xalqa təbrikində qeyd edib: “Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir”. Ümummilli Lider müstəqil Azərbaycan dövlətinin yaradılması, onun yaşaması və qorunmasının hər bir Azərbaycan vətəndaşının vəzifəsi olduğunu bildirərək qeyd etmişdi ki, “Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç yana əyə bilməsin, heç bir dövlət gəlib bizim, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır. Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır”.
Ulu Öndər müstəqil Azərbaycanın quruculuğunda insan hüquqlarının qorunması, hüquqi və demokratik prinsiplər, o cümlədən sosial ədalət amilinə müstəsna önəm vermişdir. Belə ki, Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul edilmiş ilk milli Konstitusiyamızda Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi və Azərbaycan dövlətinin xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qaldığı ən yüksək səviyyədə bəyan edildi. Bu da dahi şəxsiyyətin sosial dövlət ideyasının Əsas Qanun səviyyəsində təsbit etməklə, bu ideyanın dövlətin inkişafında aparıcı amil kimi müəyyən edilməsini şərtləndirdi.
Bu gün Prezident İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirir. Bunun nəticəsində də müstəqil Azərbaycan dövləti daha da inkişaf edib, güclənib, beynəlxalq müstəvidə mövqelərini daha da möhkəmləndirib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində torpaqlarımızı azad etməsi müstəqillik tariximizin ən yüksək zirvəsidir. Bu gün Azərbaycan Prezidentinin həyata keçirdiyi müdrik, praqmatik və çoxşaxəli siyasət, qazanılan bütün uğurlar əminliklə düşünməyə əsas verir ki, dövlət müstəqilliyimiz daha da güclənəcək, qlobal müstəvidə Azərbaycanın rolu və iştirakı bundan sonra davam edəcək. Bir sözlə, ulu öndər Heydər Əliyevin dediyi kimi “Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir”.
Daha bir diplomatik nailiyyət
Azərbaycan həm geosiyasi, həm iqtisadi baxımdan bir çox xarici dövlətlər və beynəlxalq təşkilatlar üçün etibarlı tərəfdaş kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən sonra Azərbaycan bölgədə və dünyada yeni reallıqlar yaratmış oldu ki, bu da ölkəmizin beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirir. Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasını uğurla həyata keçirməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb.
Mart ayının 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Zirvə Görüşünün Bakıda keçirilməsi ölkəmiz və regionumuz üçün olduqca mühüm əhəmiyyət kəsb edən siyasi hadisədir. Üzvlərinin sayına görə Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ən böyük beynəlxalq qurumudur.
Digər tərəfdən, Hərəkatın növbəti Zirvə Görüşünün Azərbaycanda keçirilməsi ölkəmizin qlobal proseslərdəki rolunun və beynəlxalq nüfuzunun gündən-günə artdığını təsdiqləyir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə edilməsi bizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür”.
Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb. Bu fakt 2019-cu ilin iyul ayında Qoşulmama Hərəkatı təşkilatının Nazirlər Şurasının iclasında qəbul olunmuş yekun sənəddə də öz əksini tapıb. Nəticə etibarilə, dünyanın 120 dövləti, yəni, planetin təqribən üçdəiki hissəsi Azərbaycanın ədalətli mövqeyinə öz dəstəyini ifadə edib.
Azərbaycan sədrliyi dönəmində Qoşulmama Hərəkatını daha da aktiv bir təşkilata çevirə bildi. Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı olmuşdur. Qoşulmama Hərəkatı beynəlxalq müstəvidə xüsusi rola və çəkiyə malikdir. Xüsusilə qeyd etməliyik ki, Hərəkatın institusional inkişafında Azərbaycanın quruma sədrliyinin mühüm əhəmiyyəti olmuşdur. Məhz, Azərbaycanın sədrliyi dövründə ölkəmiz Qoşulmama Hərəkatının həm parlament şəbəkəsi, həm gənclər şəbəkəsi yarandı ki, bu da növbəti dönəmdə sədrlik edəcək ölkələrə ötürüləcək. Buda Qoşulmama Hərəkatının həyatında yeni bir yanaşmadır. Azərbaycan bütün bunları cənab Prezident İlham Əliyevin sədrliyi dönəmində edə bildi. Bütün bunlar Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi uğurla həyata keçirdiyinin əyani göstəricisidir.
Azərbaycanın 2019-2023-ci illərdə Hərəkata sədrlik etməsi dövlətimizin qlobal proseslərdəki rolunu və nüfuzunu daha da artıracaq, beynəlxalq müstəvidə mövqelərimizi möhkəmləndirəcək, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək, qeyri-neft sektorunun və ixrac potensialımızın yüksəlişinə geniş imkanlar açacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR