Xəbər verdiyimiz kimi, İranda benzinin bahalaşması ilə bağlı baş verən etirazlar davam edir. Aksiyaçılarla təhlükəsizlik qüvvələri arasında baş verən insident zamanı bir polis ölüb.
İrandakı hadisələrin arxasında xarici qüvvələrin dayandığı iddia edilir.
Qonşu ölkədəki vəziyyəti Publika.az-a şərh edən politoloq Fikrət Sadıqov da hesab edir ki, ABŞ etirazçıları dəstəkləyir:
“Çünki ABŞ İrana qarşı bir sıra sanksiyalar tətbiq edib. İranı nüvə silahı əldə etməkdə, uranı zənginləşdirməkdə günahlandırır. Təbii ki, bunun arxasında müəyyən motivlər var. Bu motivlər özü də ondan ibarətdir ki, İranın bir sıra ölkələrdə: Suriyada, Livanda “Hizbullah” vasitəsilə, “Həmas” vasitəsi ilə müxtəlif əməliyyatlar keçirməsi narahat edir və ABŞ tərəfindən tənqid olunur. ABŞ bu məsələdə mövqeyini artıq açıqlayıb və hesab edir ki, hakimiyyətə qarşı bir etiraz var, mütləq hansısa müsbət nəticə ilə yekunlaşmalıdır”.
Ekspert əlavə edib ki, İran iqtisadiyyatına ABŞ-ın və bir sıra Avropa ölkələrinin sanksiyası mənfi təsir göstərib:
“Fikir verin, onun əsas gəlirləri neft resurslarından əldə olunur. Təbii ki, benzinin qiymətinin artması onunla bağlıdır ki, büdcədə pul azdır, vəsait yoxdur. Əgər bu etirazlar kütləvi xarakter daşısa, ardıcıl şəkildə davam etsə, bu, siyasi rejim üçün böyük bir təhlükədir, çünki biz görürük ki, etirazlar səngimir və baxmayaraq ki, bir neçə nəfər artıq öldürülüb, çoxları həbs edilib, ancaq yenə də etirazlar davam edir. Digər tərəfdən biz onu da görürük ki, rejim artıq kifayət qədər sərt addımlar atır, belə bir situasiyanın yaranması onu göstərir ki, qarşıdurma hələ davam edəcək. Əgər bu etiraz artıq dərəcədə kütləvi xarakter daşısa, etirazçılar üçün müəyyən bir nəticəyə gətirib çıxaracaq. Rejim də görünür ki, həm sərt üsullarla, həm də hansısa siyasi üsullarla bu məsələdə müəyyən addımlarını atmağa başlayıb. Artıq biz bilirik ki, onlar bəzi təbəqələrə maliyyə yardımını artırmaq qərarı qəbul edib. Bu da öz növbəsində etirazçıları sakitləşdirmək məqsədi daşıyan bir addımdır.
Hər bir aksiyanın müəyyən təşkilatçıları var, bu, ya işbazlardır, ya siyasi qüvvələr, ya da kənardan hansısa dövlətlərdir. Amma bu əsas məsələ deyil. Əgər etirazçılar neçə gündür küçələrə çıxıblarsa, etirazlarını bildirirlərsə, qan tökülməsinə baxmayaraq davam edirlərsə, deməli müəyyən məsələləri həll etmək lazımdır. Kimin təşkilatçı olmağından asılı olmayaraq məsələ həll olunmalıdır. Burada ola bilsin ki, kiminsə əli var, lap bəhanə kimi bu istifadə olunsa da görünür müəyyən ciddi səbəblər var. Çünki biz bilirik ki, bu etirazlar İranda birinci dəfə baş vermir. Artıq bundan əvvəl də etirazlar baş tutub. İranın iqtisadiyyatı çox zəifləyib və bundan bəzi dairələr istifadə edərək kütləni yönəldə bilərlər, istifadə edə bilərlər”.
F.Sadıqov hesab edir ki, belə bir şəraitdə siyasi rejim iki üsulla hərəkət etməyə çalışacaq:
“Birincisi çalışacaq ki, etirazçılara qarşı sərt üsullardan istifadə etsin.Yəni kimsə həbs olunacaq, onlara qarşı sərt addımlar atılacaq, silahlar istifadə olunacaq. Lakin eyni zamanda mənə elə gəlir ki, rejim bir sıra siyasi üsullardan da əl çəkməyəcək. Yəni həm iqtisadi, həm siyasi. Nümunə üçün deyə bilərəm ki, müəyyən təbəqəyə maliyyə yardımı və bu istiqamətdə hansısa maraqlarını yerinə yetirmək, maraqlara cavab verən addımlar atmaq, hansısa dairələrlə bir araya gəlmək və s. Artıq illər ərzində belə bir təcrübə göstərir ki, İran həmişə bu məsələdə müxtəlif yollardan istifadə edib. Düşünürəm ki, sərt reaksiya rejim tərəfindən bundan sonra da davam edəcək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.